"30 min manat pul təklif etdiyimi iddia edən insan varsa..." - SABİR RÜSTƏMXANLI

Baxış sayı:
1852

“Mən seçkidən qalib, çıxmışam, niyə istefa verməliyəm ki? Bəzi rəqiblər söyüşlər, təhqir səsləndirdilər. Bizim tərəfdən bu cür hallara yol verilməyib. Tapşırmışam ki, mənə seçkidə rəqib olan Kamran Əsədovla bağlı kimsə bir söz yazmasın”.
 

Muxalifet.az bildirir ki, bu sözləri 61 saylı Neftçala seçki dairəsindən deputatlığa lider namizəd Sabir Rüstəmxanlı “Azadlıq radiosu”na müsahibəsində deyib.
“Barəmizdə təhqiramiz ifadələr yazanlar var. Biri yazıb ki, utanmasan, Sabir Rüstəmxanlı olmağa nə var?! Bu nə deməkdir? Sabir Rüstəmxanlı olub nə etmişik ki? Bunu dünənki uşaq deyir... Ona demək lazımdır ki, sən kimsən, Sabir Rüstəmxanlını tanıyırsan, keçdiyi yolu bilirsən, bir kitabını oxumusanmı? Bunları kimlər öyrədir salır ortaya? Hələ başqa şeylər də deyirlər: Bu dünyanı sənə dar edəcəyik... Kim mənə bu dünyanı dar edə bilər? Əsəbləşmirəm. Əsəbləşsəm, onların hər birinə cavab verərəm. Amma sakitcə ötürəm keçir... Bütün bunlar hamısı toplanılır, deyilənlərin hansı hüquqa ziddirsə, hansında təhqir və şəxsiyyəti aşağılamaq faktı varsa, məhkəməyə veriləcək”- S.Rüstəmxanlı qeyd edib. 
O, seçkilərin nəticələrinin bütövlükdə ləğv edilməsinin tərəfdarı olmadığını bildirib: “Səsvermə prosesində 10-15 pozuntu ola bilər, amma ölkədə bu boyda seçki həyata keçirilib. Maraqlıdır ki, seçilən həmişə seçkinin nəticələrini müdafiə, seçilməyən isə tənqid edir. Bu prosesi illərlə görmüşük, müşahidə etmişik...” 
S.Rüstəmxanlı rəqiblərindən birinə 30 min manat təklif etməsi iddiasına da münasibət bildirib: “Yalandır. Seçki prosesinə heç 30 min manat pul xərcləməmişəm. O qədər pulum da yoxdur. 30 min manat pul təklif etdiyimi iddia edən insan varsa, gəlsin, üzümə desin... Heç kəs bunu deyə bilməz”.
Xalq şairi qeyd edib ki, parlamenti radikal şəkildə yeniləməklə işləmək çətin olar: “Milli Məclisdə işləmək ənənəsi olan insanlar da olmalıdır. Gənclər də təcrübə toplamalıdırlar. Ümidsiz olmaq lazım deyil, məncə”.