"3 milyardın 114 milyonu vətəndaşa paylanacaqsa, bəs qalan pullar hanı?"

Baxış sayı:
6463

Bu var gücümlə rəsmi qurumlara kömək etmək istəyimi heç kim inkar edə bilməz. Özü də bu hakimiyyətə sevgimdən yox, vəziyyətin gərginliyindən əmələ gəlir. Bir aya yaxındır ki, hakimiyyət koronavirusla bağlı əhaliyə yardım paketi hazırladığını elan edirdi və artıq neçə gündür ki, paketin hazır olduğunu, hazırda pulların paylandığını deyir. İndi mən sadə bir vətəndaş hakimiyyətin niyyətinin nə olduğunu başa düşmək üçün yazılanları bir az çək-çevir edim.

Hakimiyyət koronavirusla bağlı son elanı odur ki, büdcədən bu işə 3 milyard manat ayrılıb. Mən vətəndaş olaraq dərhal vur-çıx edib görürəm ki, 3 milyard manatı 10 milyon vətəndaşa böləndə adama 300 manat düşür. Aaa, bə mənə niyə 190 manat verirlər (onu da min bir şərtlə), 110 manatını kim yolda mədəsindən keçirdi?!

Vətəndaş olaraq fikrimi özümdən ağıllı saydığım qonşuya deyirəm. O mənə gülüb hər şeyi daha detallı izah edir.

Birincisi, ölkədə 10 milyon yox, heç 1 milyon vətəndaşa da 190 manat paylanmır. 190 manat da təxminəm 300 min nəfərə nəzərdə tutulub. Ara-sıra bunu 600 minə də qaldırırlar. Yenə vurub çıxanda bu da 3 milyard yox, 114 milyon manat edir. Bəs qalan pullar hanı?!

Şəxsən baş verənlərə çox həssas yanaşan insan kimi inanmaq istəyirəm ki, hakimiyyətdə təmsil olunanlardan bəziləri həqiqətən əhaliyyə real kömək etmək istəyir. Ona görə də onlara təklif edirəm ki, bütün yardımları əks etdirən bir səhifə yaradılsın və büdcədən ayrılmış pulların manatına qədər hara xərclənməsi orada göstərilsin. Eyni addımı Koronavirusla mübarizə Fonduna keçirilən 110 milyon manatla bağlı atmalıdılar. Əks təqbirdə əksəriyyət kimi mən də bütün söhbətlərin boş yerə, məqsədin isə bu bədbəxt hadisədən də yararlanmaq olduğunu düşünəcəm.

Aslan İsmayılov,
Hüquqşünas