“3-cü dünya müharibəsinin astanasında olsaq da...” - POLİTOLOQ

Baxış sayı:
2989

Qabil Hüseynli: “Belə görünür ki, Suriyadakı bütün hərbi hədəflər vurulacaq”
 
“Türkiyənin İran və Rusiya ilə birlikdə yeni bir güc mərkəzi yaratmaq istəkləri arzuolunan deyil”
 
Birləşmiş Millətlər Təşkialtının Təhlükəsizlik Şurası Suriyanın Şərqi Quta bölgəsinin Duma ərazisində yaşanan kimyəvi hücumu müzakirə etmək üçün Nyu-Yorkda toplantı keçirib. Ancaq toplantıda ABŞ və Rusiya təmsilçiləri arasında sərt mübahisələr yaşanıb. ABŞ-ın daimi təmsilçisi Nikki Hali nə olursa-olsun, hücuma qarşılıq verəcəklərini bildirib. Rusiya təmsilçisi isə hərbi müdaxilənin ciddi nəticələr doğura biləcəyini vurğulayıb.
Suriya təmsilçisi isə sərt bir xəbərdarlıq edərək “ilk dəfə sadəcə regional, milli, ya da Suriyanın təhlükəsizliyi ilə bağlı deyil, beynəlxalq təhlükəsizlikdən narahat olduğum bir nöqtəyə gəldik” sözlərini deyib. Kürsüyə Suriya təmsilçisinin çıxdığı sırada ABŞ, İngiltərə və Fransa təmsilçiləri toplantı salonunu tərk edib.
Qeyd edək ki, Suriya rejimi qüvvələri aprelin 7-də terrorçuların nəzarətində olan Şərqi Qutanın Duma ərazisində kimyəvi silah hücumu həyata keçirib. İlkin məlumata görə, kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Ölənlər arasında çoxlu qadın və uşaqların olduğu bildirilir.
Suriya rejiminin bu addımına cavab olaraq ötən gün prezident Donald Tramp bildirib ki, bu məsələ ilə bağlı 48 saat ərzində qərar verəcək. Tramp bəyan edib ki, kimyəvi silah hücumuna görə Əsəd rejimi ilə yanaşı onu dəstəkləyən Rusiya və İran da məsuliyyət daşıyır. Və ABŞ prezidenti ilk dəfə Rusiya prezidentini birbaşa hədəf alaraq Putinin baş verənlərə görə cavab verməli olacağını bildirib.
ABŞ prezidenti Donald Tramp Suriyada 78 nəfərin kimyəvi silah hücumu nəticəsində həyatını itirməsindən sonra Dəməşqi təhdid edərək, bu hücumun Bəşər Əsəd üçün baha başa gələcəyini söyləyib.
Həmçinin ABŞ-ın müdafiə naziri Ceyms Mettis də bildirib ki, Suriyada hökumət güclərinə qarşı zərbələr istisna edilmir. Onun hərbi müdaxilələrə qarşı çıxmayan bir nazir kimi tanınmasını nəzərə alsaq, bəyanatın arxasında ciddi planların dayandığını demək olar.
Artıq Suriyada Əsəd rejiminin həyata keçirdiyi kimyəvi silah hücumuna hərbi qarşılıq verməkdə israr edən ABŞ, rejimə aid 22 kritik nöqtəni də hədəfləyib ki, bu hədəflər arasında İranın dəstəklədiyi şiə milis mərkəzləri və içində Rusiya əsgərləri olan Xüms və Tartus hərbi bazaları da var.
Nəzərdə tutulan 22 hərbi bazanın vurulmasında isə ABŞ-la yanaşı, Fransa, Böyük Britaniya və İsrailin hərbi qüvvələri də iştirak edəcək ki, Suriya rejiminə aid qərargahlar dəniz, hava və qurudan raket atəşləri ilə bombardman ediləcək.
 “Şərqi Qutanın Duma ərazisində kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyirəm. Kimyəvi hücum nəticəsində qətliam törədənlər kim olursa olsun, cəzasını alacaq”.
Bu sözləri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında deyib.
Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “kimyəvi hücum nəticəsində qətliam törədənlər kim olursa olsun, cəzasını alacaq” deyə açıqlama versə də, Əsəd rejimini müdafiə edən Rusiyaya qarşı ola biləcəkmi? Çünki Türkiyənin indiki halda Qərb ölkələri ilə deyil, Rusiya ilə birgə siyasət yürütdüyü ortadadır.
Görünən odur ki, Şərqi Quta bölgəsinin Duma ərazisində yüzlərlə insanın Suriya rejimi tərəfindən kimyəvi hücuma məruz qalması nəticəsində xeyli sayda insanın ölməsi və ağır yaralanması Yaxın Şərqdəki yanan ocağı daha da alovlandırıb.
Məsələ ilə bağlı rusiyalı filosof və ideoloq Aleksandr Duqinin mətbuatda yer alan fikirləri də bunu deməyə əsas verir: “İndi tamamilə aydındır ki, Qərbdə-ABŞ-da, İngiltərədə, İsraildə müəyyən dairələr əsl dünya müharibəsi başlatmaq niyyətindədirlər. “Skripal işi” və Duma şəhərində kimyəvi silahla hücum təqlidi onu başlatmaq üçün arqumentlərdir”.
 “Biz heç vaxt dünya müharibəsinə bu qədər yaxın olmamışıq. Biz indi ona Krımda, Abxaziyada və 2008-ci ildə Osetiyadakı hadisələr zamanı olandan daha yaxınıq”,-deyə rusiyalı politoloq vurğulayıb.
Rusiyalı ideoloq Aleksandr Duqinin bu açıqlamasını isə 3-cü dünya müharibəsinin anonsu kimi xarakterizə etmək olar.
 
“Bəşər Əsədin hakimiyyəti devrilə də bilər”
 
Suriyanın Şərqi Quta bölgəsinin Duma ərazisinə kimyəvi hücum nəticəsində xeyli sayda insanın ölməsi və yaralanması ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, Bəşər Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsi yeni deyil: “Neçənci dəfədir ki, Bəşər Əsəd öz xalqına qarşı kimyəvi silah tətbiq edir. Hər dəfə də dünya ictimaiyyəti, xüsusən BMT və ABŞ ona xəbərdarlıq edir ki, o, “qırmızı xəttləri” keçməsin, keçəcəyi təqdirdə ona qarşı ciddi cəza tədbirləri görüləcək. Bu dəfə də yenə Duma bölgəsində Bəşər Əsədin qoşunları İran qoşun hissələri ilə birlikdə müxalifətçi qüvvələrə və onların ailələrinə qarşı kimyəvi silahdan istifadə edib. Nəticədə 70-ə qədər adam ölüb, onlarla adam ağır xəsarət alıb. Bu, insanlığa qarşı işlədilən cinayətlərdən biri hesab olunur. Ona görə də Amerika onu bağışlamayacağını bildirir. Artıq Amerikanın “Tomaqas” tpli raketlər daşıyan kreyterlərindən biri Suriyanın sahilində yerləşib, mövqe tutub. Digər bir kreyter də Suriya sahillərinə yaxınlaşmaqdadır. Amreika tərəfi qətiyyətlə bildirib ki, Bəşər Əsədi və onun komadasını mütləq cəzalandıracaqdır. Belə görünür ki, Suriyadakı bütün hərbi hədəflər vurulacaq, hətta bəzi qəzetlər Rusiyanın hərbi bazası olan Tartuş və Hmeymim bazalarının da vurulacağını söyləyirlər. Ən azından Suriyanın həm bu hücumu həyata keçirən hərbi bazası, həm də ki, digər hərbi bazaları Amerika qoşunları tərəfindən çox dəqiqliklə hədəfi vurmağı bacaran “Tomaqas” tpli raketlərlə vurulacaq. Bu dəfə hücumlar vertolyotlar vasitəsilə həyata keçirilir. Hətta bəzi nəşrlər vəziyyəti Suriyanın alt-üst ediləcəyi şərhinə qədər gətirib çatdırırlar. Bu dəfə Bəşər Əsəd üçün o qədər də yaxşı olmayacaq və hətta Bəşər Əsədin hakimiyyəti devrilə də bilər. Rusiya indiyə qədər Bəşər Əsədi müdafiə etməyə çalışsa da, bir şey alınmayıb. Çünki Fransa da, Böyük Britaniya da Rusiyaya qarşı çıxışlar ediblər ki, Bəşər Əsədi belə alçaq hərəkətlərə təhrik edən Rusiyadır. Ona görə də hərbi əməliyyatları təkcə Amerika deyil, Fransa və Böyük Britaniya qüvvələri də həyata keçirəcək”.
 
“Duqinin açıqlaması psixoloji təzyiq xarakteri daşıyır”
 
“Moskvadan olan şərhçi Duqin dünya müharibəsinin astanasında olduğunu deyir və bildirir ki, Suriyada dünya müharibəsi başlaya bilər. Çünki Rusiya Amerikanın bu hücumlarını cavabsız qoymayacaq. Mənə elə gəlir ki, bu, psixoloji təzyiq xarakteri daşıyır. Amerika Suriyanın, xüsusən Bəşər Əsədin cəzalandırılmasını tələb edir və bunun nəticəsində yəqin ki, ciddi dəyişiklilər baş verəcək”,-deyə politoloq vurğuladı.
 
“Amerika, Böyük Britaniya və Fransa bu dəfə Suriyada ciddi hərəkətlərə əl atacaqlar”
 
Hüseynli Rusiyanın cürət edib Qərb ölkələrinə, NATO-nun əməliyyatlarına qarşı çıxacağını, xüsusilə NATO ölkələrini təhdid edəcəyini gözləmir: “Duqinin söylədiyi kimi, dünya 3-cü dünya müharibəsi astanasında olsa da, bu, baş verməyəcək. Amma Amerika, eləcə də Böyük Britaniya və Fransa bu dəfə Suriyada ciddi hərəkətlərə əl atacaqlar”.
 
“Türkiyənin indiki mövqeyini mən qəbul etmirəm”
 
“Bu vəziyyətdə Türkiyənin mövqeyi necə olacaq” sualına isə Q. Hüseynli belə cavab verdi: “Bu vəziyyətdə Türkiyənin mövqeyini yozmaq çox çətin məsələdir. Türkiyə elə bir dalana dirənib ki, nə o yanlıq, nə də bu yanlıqdır. Türkiyə Rusiya və İranla dostluq münasibətləri qurub, onların heç biri də etibarlı deyil. Türkiyənin indiki mövqeyini mən o qədər də qəbul etmirəm. Bir onun Afrin əməliyyatını qəbul etmək olar. Amma Türkiyənin İranla, Rusiya ilə birlikdə yeni bir güc mərkəzi yaratmaq istəkləri o qədər də uğurlu və arzuolunan deyil”./Hurriyyet.org