27 il komada qalan qadın ayıldı - TİBB ELMİNDƏ MÖCÜZƏ

Baxış sayı:
6532

1991-ci ildə baş verən yol qəzası vaxtı ciddi xəsarət alan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sakini 27 il çəkən komadan sonra özünə gəlib. Qəza Münirə Abdullahın oğlu Ömər Vəbəyri məktəbdən götürərkən baş verib. Onların hərəkət etdiyi avtomobil məktəb avtobusu ilə toqquşub. O vaxt 32 yaşı olan Münirə kəskin kəllə-beyin travması alıb. İnsidentdən bir an əvvəl öz kürəkənin sürdüyü maşında oturan Münirə oğlunun üstünə atılaraq onu xilas edə bilib. Nəticədə uşaq hadisədən salamat çıxıb. Münirə Abdullah isə ciddi xəsarət alıb. O, ötən il Almaniya xəstəxanasında özünə gəlib. İllərdir ki, davam edən müalicədən sonra, Ömər anasının səhhətində irəliləyiş və qəza barədə BƏƏ-də nəşr olunan The National qəzetinə verdiyi müsahibədə danışıb. "Ö məni qorumaq üçün qucaqladı" "Mən ondan əlimi heç vaxt üzmədim, çünki onun bir gün ayılacağına daima inanırdım", - Ömər bazar ertəsi qəzetə verdiyi müsahibəsində deyib. "Anamın hekayəsiylə ona görə bölüşürəm ki, başqa insanlar da yaxınlarına olan ümidlərini itirməsinlər; belə bir vəziyyətdə sağ qalanları artıq ölü hesab etməsinlər. Anam mənimlə birlikdə maşının arxasında otururdu. O, toqquşmanın baş verəcəyini anlayan anda məni zərbədən qorumaq üçün qucaqladı". Qəzadan sağ-salamat çıxan Ömər baş nahiyəsindəki göyərtidən savayı heç bir xəsarət almamışdır. Lakin qəzadan sonra onun anasına saatlarla tibbi yardım göstərilməmişdir. İllərlə davam edən müalicə Bir müddətdən sonra Münirə Abdullah da hospitala çatdırıldı. Daha sonra onu Londona apardılar. Hospital həkimləri onun vegetativ komada olduğunu bildirdilər, yəni Münirə reaksiya vermirdi amma ağrıya həssaslığını itirməmişdir, - The National nəşri xəbər verir. Londondan sonra xəstəni yenidən BƏƏ-yə qaytardılar. Tibbi sığortanın tələblərinə uyğun olaraq Münirə əvvəl yaşadığı Omanla həmsərhəd Əl-Əyn şəhərində müalicə olunmağa başladı. Michael Schumacher 2013-cü ildə Fransada aldığı kəllə-beyin travmasından sonra 6 ay süni komada saxlanıldı Xəstəni həyatda saxlamaq üçün ona qidanı boru vasitəsilə verirdilər. Həmçinin, hərəkətsizliyə görə əzələ kütləsinin funksiyasını saxlamaq məqsədilə Münirəyə fizioterapiya da keçirilirdi. 2017-c ildə Əbu-Dabinin rəsmi dövlət qurumu olan Vəliəhd Şahzadə Sarayı Almaniyaya yollanmaq istəyən xəstənin ailəsinə maliyyə dəstəyini təklif etdi. Almaniya həkimləri tərəfindən keçirilən bir sıra cərrahiyə müdaxiləsi nəticəsində xəstənin qısalmış əl və ayaq əzələləri üzərində əməliyyatlar aparıldı. Ona həmçinin ümumi vəziyyəti yaxşılaşdıran dərmanlar da təyin edildi. Xəstəxanada mübahisə Almaniyada daha bir il davam edən müalicə gedişatında Ömərin iştirakı ilə palatada mübahisə baş verdi və belə görünür ki, bu, anasının tərpənməsinə səbəb oldu. "Palatada anlaşılmazlıq var idi. O, mənə təhlükə yarandığını hiss etdi və bu onun şokuna səbəb oldu", - Ömər yadına salır. "O qəribə səslər çıxarırdı və mən həkimləri müayinə keçirməyə səslədim. Onlar hər şeyin qaydasında olduğunu deyirdilər. Daha üç gün keçdi və gecə ayıldım ki, kimsə mənim adımı çəkir. O idi! O mənim adımı çəkirdi. Mən sevincimdən yerə-göyə sığmırdım; illərdir ki, bu anın gəlməsini arzulayırdım. Mənim adım onun dilə gətirdiyi ilk söz idi", - Ömər Vəbəyri müsahibəsində belə deyir. "O daha çox reaksiya verir, ağrı hiss edirdi. Bir də ki, azacıq söhbətləşməyə başladı." Münirə yenidən Əbu-Dabiyə qayıdır. Ona fizioterapiya və bərpa terapiyası təyin olunur. Müalicənin məqsədi əzələ sıxılmasının qarşısını almaq və oturmaq tərzini yaxşılaşdırmaqdır. Nadir ayılma halları Bir neçə il komada qalandan sonra ayılan insanların sayı çox deyil və hətta bundan sonra da onların sağalmasına uzun vaxt tələb oluna bilər. Britaniya Səhiyyə Nazirliyinə əsasən, huşun pozulmasından əziyyət çəkənlərin yaxşılaşmaq şanslarını müəyyənləşdirmək qeyri-mümkündür. Huşu yerinə qayıdan şəxslərdə beyin zədələnməsinə görə bəzi funksiyalar pozula və fiziki məhdudiyyətlər əmələ gələ bilər. 19 yaşında ikən düşdüyü yol-nəqliyyat qəzasından sonra 19 il vegetativ komada qalan ABŞ sakini Terry Wallis-in dramatik sağalma misalı diqqətə layiq sayıla bilər. Hesab olunur ki, onun beyin toxuması yenidən bərpa olunmuşdur. 2013-cü ildə Formula 1 üzrə sabiq dünya çempionu Michael Schumacher Fransada dağ xizəkçiliyi ilə məşğul olarkən kəllə-beyin travması alıb. O, müalicəsini İsveçrədə davam etdirməkdən əvvəl 6 ay ərzində süni komada saxlanılıb./BBC