26 yaşlı oğlan bıçaqlandı - ​ŞAMAXIDA

Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı rayon Mədəniyyət Evinin qarşısında qeydə alınıb.
Şəhərin S.Ə.Şirvani küçəsindəki 19 saylı mənzildə yaşayan 1991-ci il təvəllüdlü Əkbərov Mirhüseyn Seyran oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub. Mirhüseyn Əkbərov bildirib ki, yol kənarındakı səki ilə gedərkən qarşı tərəfdən gələn 3 nəfər naməlum şəxsdən biri onun yanından keçərkən ona toxunublar. Onların arasında mübahisə yaranıb və həmin şəxs üzərində gəzdirdiyi bıçaqla ona xəsarət yetirib. Hadisəni törədən şəxs və onun dostları qaçıb gizlənib.
Hazırda Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.