“250 milyon dollar o qədər böyük məbləğ deyil ki, hansısa maliyyə intizamını pozsun”

Əli Məsimli: “5 min dollara kimi kredit götürən şəxslərin öz borclarını manatın əvvəlki məzənnəsi ilə qaytarmasını, 10 min dollardan yuxarı olanları isə müxtəlif mexanizmlərlə həll etmək mümkündür”
"Əgər biz yenə də "üskük” oyununa bənzər oyun oynayacağıqsa, monopoliyaya qarşı imitasiya xarakterli tədbirlər görəcəyiksə, onda heç nə düzəlməyəcək”
"1 manatlıq malı ölkədə 5 manata satan və xalqı soyan şəxslər devalvasiya bəhanəsi ilə qiyməti 50 faiz də qaldırdı və bir manatlıq malı 7 manat 50 qəpiyə satdılar”

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib. E.Rüstəmov deyib ki, hər hansısa güzəşt maliyyə intizamını poza bilər: "Dövlətin banklara yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik”.
MB sədrinin kreditlə bağlı açıqlaması, eləcə də ölkədə mövcud olan iqtisadi problemlər və həyata keçirilən islahatlarla bağlı "Şərq”in suallarını Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü, iqtisadçı-deputat Əli Məsimli cavablandırıb. Millət vəkili prosesdən az zərərlə çıxmaq üçün bir sıra mühüm təkliflər irəli sürüb...
- Əli müəllim, E.Rüstəmovun "kredit borcları ilə bağlı edilən güzəşt maliyyə intizamını poza bilər açıqlaması nə anlama gəlir?
- Milli Məclisin növbədənkənar iclasında mənim qaldırdığım məsələlərdən biri, məhz dollarla krediti olan insanlara kömək məsələsi idi. Dollarla krediti olan insanların bir hissəsi xarici iqtisadi fəaliyyətlə məşğul olduğuna görə, krediti dollarla alıblar. Təbii ki, onlar kreditlərini dollarla qaytarmalıdırlar. İkinci qrupa aid olan adamlar isə bankdan pul götürərək Azərbaycanın daxilində olan mağazalardan mebel, soyuducu, tozsoran və s. məişət əşyaları alıblar. Bunların da kreditləri paralel surətdə manatla yanaşı, dollarla ifadə olunub. Üçüncü kateqoriyaya aid olan insanlar isə sadəcə özlərinin adi işləri üçün kredit alıblar. 21 fevral devalvasiyasına bir neçə gün qalmış bəzi banklarda güzəştlər edilib və kredit götürənlərin iqtisadi təfəkkürü yetərincə olmadığına görə, onlar bank işçilərinin dediklərinə aldanıblar. Yəni onlar bilmədən manatla olan borclarının həm də dollar kimi formula edilməsinə razılıq veriblər. Beləliklə, xeyli insan manatın dəyərdən düşməsindən sonra pis vəziyyətə düşüb. Onların bir hissəsi xarici iqtisadi fəaliyyətlə məşğul olduqları üçün təbii surətdə, digərləri isə bank işçilərinin manevrləri vasitəsi ilə çətin durumda qalıblar. İndiki şəraitdə manatın devalvasiyası kuliminasiya mərhələsinə çatmayıb.
Maliyyə cəhətdən hansısa diskomfortların yaranması məsələsinə gəldikdə isə, bu proses xeyli müddət davam edə bilər. Nəticədə 10 min dollar pul alan adam bir müddətdən sonra aldığından daha artıq vəsait ödəməli olar. Hesab edirəm ki, bu da həmin insanlar üçün çox ciddi problemlər yaradan məsələdir.
- Sizin kreditlərlə bağlı konkret təklifləriniz nədir?
- Milli Məclisin növbədənkənar iclasında təklif etdim ki, bu problemi dördbucaq prinsipi əsasında həll etmək daha ədalətli olar. Yəni çətin vəziyyətin yaranmaması üçün kommersiya banklarının, Mərkəzi Bankın və dövlət qurumlarının birgə iştirakı ilə ağırlığı bir neçə yerə bölmək lazımdır. Problemi həll etməkdən ötrü isə 250 milyon dollar pul tələb olunur. 250 milyon dollar o qədər böyük məbləğ deyil ki, hansısa maliyyə intizamını pozsun və yaxud da hansısa disbalans yaratsın. Əgər bu problem mən dediyim formada həll edilərsə, gözlənilən narazılıqlar əsaslı surətdə səngiyəcək. Çünki yüz minlərlə insanın burada maraqları ifadə olunacaq və onlar hökumətin atdığı addımdan məmnun olacaq. Bununla da narazılıq azalacaq. İkincisi də əgər bundan sonra manatın devalvasiyası prosesi yumşaq və ya sərt yenidən baş verərsə, hökumət çətin vəziyyətə düşməyəcək. Yəni bu prosesdə davamlı surətdə istifadə edilməsi mümkün olan bir mexanizmin yaradılmasını təklif etdim. Fikrimcə, 5 min dollara kimi kredit götürən şəxslərin öz borclarını manatın əvvəlki məzənnəsi ilə qaytarmasını, 10 min dollardan yuxarı olanları isə müxtəlif mexanizmlərlə həll etmək mümkündür. Ya da hansısa bir məzənnə dondurula və həmin məzənnə əsas götürülərək vətəndaşlara bir müddət möhlət verilə bilər. Ziyanı ödəmək məqsədi ilə banklara müəyyən dərəcədə aşağı faizli resurslar vermək də olar. Yaxud iri məbləğli kreditlərin hələlik yalnız faizlərinin qaytarılmasını təşkil etmək olar. Müxtəlif üsullarla bu məsələni çözmək mümkündür. Əks halda borcu olan şəxslərin üçdə iki hissəsindən çoxu krediti qaytara bilməyəcək. Bax onda maliyyə sahəsində ciddi problemlər yaranacaq.
- SOCAR-ın vitse-prezidenti bəyan edib ki, neftin hasilatı 20 dollara başa gəlir. Buna görə də bir çox ekspertlər hesab edirlər ki, büdcəyə yenidən baxılmalı və neftin bir bareli 20-25 dollar civarında götürülməlidir. Bəs sizin təklifiniz nədir?
- Bilirsiz ki, 2016-cı ilin büdcəsində neftin bir barelinin qiyməti 50 dollar götürülüb. Ancaq indi neftin bir barelinin qiyməti 30 dolların ətrafındadır. Bu isə büdcə üçün xeyli problemlər yaradır. Ona görə də hesab edirəm ki, 2016-cı ilin büdcəsinə yenidən baxılan zaman bir neçə məsələ həll olunmalıdır. İlk növbədə Ümumi Daxili Məhsulun artım proqnozlarına yenidən baxılmalıdır. Çünki köhnə proqnozlarda göstərilib ki, bu il ÜDM təxminən 1,8 faiz artacaq. Bu məsələyə yenidən baxmaq lazımdır.Çünki bu il artıma əks təsir göstərən amillərin təsiri güclənib. Həmçinin, köhnə proqnozda göstərilib ki, bu il inflyasiya 3,3 faiz olacaq. Ancaq həmin proqnoz artıq öz əhəmiyyətini itirib. Çünki 21 dekabr tarixində 48 faiz devalvasiya olub. Bu isə o deməkdir ki, 2016-cı ildə Azərbaycanda hardasa ən azı 10 faizdən yuxarı inflyasiya gözlənilir. Yəni əvvəlki proqnozlarla müqayisədə 3-4 dəfə artıq inflyasiya gözlənilir. Burda da həmin rəqəmləri korrektə edən zaman əsas amillərdən biri neftin qiymətidir. Beynəlxalq qurumların, ekspertlərin, dünyada gedən tendensiyaların, OPEK və OPEK-dən kənar ölkələrin açıqlamalarını nəzərə alsaq, neftin qiymətinin 2016-cı il ərzində təqribən 25 və 30 dollar arası olacağını demək olar.
 
- Təkliflərdən biri də xarici borclanma ilə bağlıdır. Amma bəzi ekspertlərə görə, Dünya Bankından borc almaq ölkəni siyasi və iqtisadi cəhətdən asılı vəziyyətə sala bilər. Bu barədə siz necə düşünürsüz?
 
- Vəziyyətdən çıxmaq üçün səfərbərlik ssenarisi əsasında bir proqram hazırlayıb onu qısa, orta və uzun müddətə effekt verən tədbirlərin effektiv kombinasiyasını qurmaqla həyata keçirmək lazımdır. Həmçinin, bu proqramı həyata keçirməyə qadir olan komanda formalaşdırmalıyıq. Bu zaman daxili resurslardan, yəni büdcə, Dövlət Neft Fondunun, büdcədən kənar digər Fondların vəsaitindən, müəssisələrin və sahibkarların vəsaitlərindən və hətta yardımından istifadə etməklə yanaşı, əlverişli şərtlərlə verilən xarici kreditlərdən də imtina etməməliyik. Xarici kreditlər çox əlverişli şərtlərlə verilərsə, ondan səmərəli istifadə edərək indiki böhranlı vəziyyətdən çıxma prosesinin sürətləndirilməsində əlavə dəstək kimi istifadə etmək olar. Azərbaycanın xarici borcları ÜDM-un 12 faizi səviyyəsindədir ki, bu da iqtisadi təhlükəsizlik göstəricisi səviyyəsindən 3 dəfə aşağıdır. Ona görə də Azərbaycanın xarici borcunun 12 faizdən 15- 20 faizə çatması hansısa iqtisadi asılılıq yarada bilməz. Amma bu işdə ifrata varmaq və alınan borclardan israfçılıqla istifadə etmək hazırkı mürəkkəb durumda ikiqat qəbahət olardı... Bu işdə məsuliyyət və səmərəlilik çox vacibdir.
- Maliyyə nazirinin ANS-ə müsahibəsində verdiyi açıqlamalar cəmiyyətdə birmənalı qarşılanmadı. Xüsusən nazirin "insanlar isteqrazlara pul vermir, onları buna məcbur etmək lazımdır” sözləri etiraz doğurdu. İqtisadçı olaraq nazirin açıqlamalarını necə qarşıladız?
- Hesab edirəm ki, Azərbaycanda indiki yaranmış vəziyyəti adekvat dərk etmək və ona uyğun addımlar atmaq çox vacibdir. Təəssüflər olsun ki, biri bu proseslərə qara eynəklə baxır, digəri isə qırmızı eynəklə. Bunların hər ikisi təhlükəlidir. Dövlət qurumlarının bu prosesə qırmızı eynəklə baxmağı isə hansısa ekspertin qara eynəklə baxmasından daha təhlükəlidir. Ona görə də Azərbaycanı indiki durumdan çıxarmaqdan ötrü radikal islahatlar getməklə ilk növbədə təfəkkürdə dəyişiklik etmək tələb olunur. Çünki yeniliyi ancaq yeni düşüncə sahibləri yarada bilər. Köhnələr yenilik yarada bilməz. Köhnə təfəkkürlə indiki situasiyadan çıxmaq mümkün deyil. Bütün imkanları səfərbər etmək lazımdır. 2016-cı ilin büdcəsi qəbul olunan zaman orada daxili və xarici borclanmanın yuxarı həddi göstərilib. Ölkəmiz 1.5 milyard dollara qədər xarici borclanmaya, 2.5 milyard manata qədər isə daxili borclanmaya gedə bilər. Təbii ki, bu rəqəmləri büdcəyə yenidən baxılan zaman müzakirə etmək olar. Daxili borclanma istiqrazlar vasitəsi ilə həyata keçirilməsi yaxşı variantdır... Bu istiqrazları Azərbaycanda kim ala bilər? Keçən bir ildə dollara nisbətdə manat üst-üstə iki dəfə dəyərdən düşüb. Qiymətlər də xeyli dərəcədə qalxıb ki, bu da əhalinin xeyli hissəsinin real gəlirlərinin aşağı düşməsinə gətirib çıxarıb. Əhalinin xeyli hissəsi mövcud gəlirləri ilə yalnız ərzaq ala bilir. Bunu da güclə edir. Əgər vətəndaşın maaşı ərzağa bir təhər çatırsa, o istiqraza necə pul qoysun? Bu, qeyri-mümkün bir şeydir. Heç bunu dilə gətirməyə dəyməz. Çünki insanlar hazırda yalnızca ailələrini dolandırmaq haqqında düşünürlər. Manatın dəyərdən düşməsi orta təbəqəyə də çox ciddi təsir göstərib. İstiqrazları ancaq varlı təbəqinin insanları ala bilər. Düzü mən maliyyə nazirinin "insanlar isteqrazlara pul vermir, onları buna məcbur etmək lazımdır” ifadəsini eşitməmişəm. Belə fikir olubsa, onu xalqa yox, pullarını qoymağa yer tapmayan zənginlərin pullarına şamil edilsə, ilk əslində ədalətsiz səslənən bu ifadə öz ədalətli ünvanını tapar.
- Nazir dedi ki, "yastıq altında” pul gizlədənlər var...
- Əgər "yastıq altında” pul varsa, o xalqın böyük hissəsinə yox, çox kiçik bir qrupa aiddir. Həmin az hissənin "yastıq altında” saxladığı pulları isə geri almaq problemdir.
- Mövcud durumun yaranmasına səbəb kimi monopoliya, inhisarçılıq və oliqarx-məmurların ölkə daxilində və xaricində sahib olduqları iri bizneslər göstərilir. Bu problemi necə aradan qaldırmaq olar?
- Azərbaycanın əhalisi ilə sərvəti tərs mütənasibdir. Əhali bundan qat-qat yaxşı yaşaya bilər və Allahın köməkliyi ilə, islahatlar mexanizmlərinin vasitəsilə yaxşı yaşamağa doğru gedəcəyik. Bundan ötrü edilməsi vacib olan bir neçə şərt var. Birinci şərt ondan ibarətdir ki, əgər biz yaxşı yaşamaq, ölkəni inkişaf etdirmək istəyiriksə, Azərbaycan xalqının maraqlarını əsas götürməklə korrupsiya, monopoliya və məmur özbaşınalığına son qoymalıyıq. Monopoliya Azərbaycanın tərəqqisinin buxovuna çevrilib. Bu baxımdan vacib şərtlərdən biri oliqarxiyanın neytrallaşdırılması, təsir gücünün azaldılmasıdır. Bundan ötrü islahatları dərinləşdirib, sağlam biznes mühiti yaratmaq lazımdır. Bütün sahələrdə azad rəqabət mühiti olmalıdır. Əgər bazar iqtisadiyyatından söhbət gedirsə, burada azad sahibkarlıq, azad rəqabət və azad qiymətlər üstünlük təşkil etməli, bu üç prinsip biri-birini tamamlamalıdır. Yox, əgər biz yenə də "üskük” oyununa bənzər oyun oynayacağıqsa, monopoliyaya qarşı imitasiya xarakterli tədbirlər görəcəyiksə, onda heç nə düzəlməyəcək. 1 manatlıq malı ölkədə 5 manata satan və xalqı soyan şəxslər devalvasiya bəhanəsi ilə qiyməti 50 faiz də qaldırdı və bir manatlıq malı 7 manat 50 qəpiyə satdılar. Əgər monopoliya aradan qalxarsa və hansısa malı bir nəfər deyil, 5-6 nəfər ölkəyə gətirər və bu zaman malı 7 manat 50 qəpiyə təklif edən inhisarçılar bankrot olar, müflisləşib sıradan çıxarlar, həmin malı 2 manata satan sahibkar da, onu belə ədalətli qiymətə alan əhalimiz də uduşda olar.