25 nəfərin öldüyü mərkəzin direktoru ifadə verdi - "Mən cadugərəm?"

Baxış sayı:
6202

Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.

Hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə prosesində yanğın baş verən mərkəzin direktoru olmuş, təqsirləndirilən şəxs Telman Məmmədhəsənov sərbəst ifadə verib.

Məmmədhəsənov deyib ki, 2011-ci ildə yaradılan mərkəzə rəhbərlik edib.

Ona qarşı elan olunmuş ittihamlarla razılaşmayan Məmmədhəsənov söyləyib ki, heç bir xəstənin Mərkəzdəki müalicəsi qeyri-qanuni olaraq uzadılmayıb: "İttihamda yazılır ki, guya təqsirləndirilən Məhəmmədi məcburi müalicəyə saxlamışıq, müddəti uzatmışıq. Əvvəlcə qeyd edim ki, xəstənin qəbulu, onun müalicəsinə nəzarət mənim işim deyil. Təlimat var və orada hər kəsin vəzifəsi qeyd edilib. Əgər hər hansı bir xəstə qeyri-qanuni mərkəzə qəbul edilibsə, bunu edənlər cəzalandırılmalıdır. Axı mən hər gün onların yanında olmurdum. Mənə məruzə olunan, özümün bildiyim bütün problemləri həll etmişəm. Xəstələr məhkəmə qərarı ilə məcburi müalicəyə göndəriliblər, müalicələri bitəndə də könüllü olaraq çıxıb gediblər. Mənim bu işdən necə xəbərim olub ki, mən heç Məhəmmədin ailəsini tanımıram. Məhəmmədi ailəsinin məcburi mərkəzə gətirdiyi, bəzi şəxslərlə əlbir olduğu yazılıb. Mən onları tanımıramsa, necə əlbir olmaqdan söhbət gedə bilər?

Bir daha qeyd edirəm ki, təlimatda mənim vəzifələrim var. Mən o zaman özümü günahkar bilərdim ki, mərkəzdə bütün ştatlar ləğv edilsin və bütün işləri mən görüm. Həkimə iynəni də mən vurum, müalicəni də mən aparım və s. Belə sual yaranır ki, vəzifə bölgüsü, təlimat nə üçündür? Mərkəzdə hamı üçün normal şərait yaradılıb. İmkan daxilində ən yaxşısını etmişik. Hətta biz özümüz yeni mərkəzin inşa edilməsi üçün müraciət etmişik. Mərkəzə ayrılan bir iynə belə kənara gedə bilməzdi. Hər şey xəstəyə verilirdi".

T.Məmmədhəsənov söyləyib ki, bu hadisə bilərəkdən törədilən cinayətdir. Və buna görə də həbs edilməməlidir:

"İttihamda da göstərilir ki, bu hadisə bir nəfər tərəfindən bilərəkdən törədilib. Belə olan halda, bilərəkdən törədilən cinayətə görə mən niyə məsuliyyət daşımalıyam? Əgər yanğın təhlükəsizliyi ilə bağlı səhlənkarlıq edilsəydi belə həmin yanğından xilas olmaq mümkün deyildi. Çünki bina köhnə və yararsız idi. Mən cadügaram, uzaqgörənəm ki, kimin ağlına nə olduğunu əvvəldən bilim? 3 çıxış qapısı olub. Mən gələndə ora baxış keçirilib. 3-nə də qıfıl vurulub və növbətçi həkimə verilib. Hər dəfə də növbə dəyişəndə açar götürülüb. Ərazidə su çənimiz də olub. Biz bacardığımız bütün işləri görmüşük".

Çıxışının sonunda T.Məmmədhəsənov ömür boyu dövlətə, millətə xidmət etməsini, YAP üzvü olmasını, ailə vəziyyətini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb./musavat.com/