​24 aprel türk əsgərinin anım günü olsun - BAXCP

Baxış sayı:
2566

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) aprelin 24-də Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək.
Bu barədə BAXCP funksioneri, QHT sədri Niyaməddin Orduxanlı məlumat verib. O bildirib ki, BAXCP 2007-ci ildən bəri xilaskar türk əsgərlərinin abidəsini ziyarət edir:
“BAXCP hesab edir ki, aprelin 24-ü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd olunmalıdır. Bu səbəbdən də BAXCP artıq 11 ildir türk abidəsinə əklil qoyur və onu ziyarət edir. Sabah da BAXCP-nin rəhbər strukturları, İdarə heyətinin üzvləri, Bakı və ətraf rayon şöbələrinin rəhbərləri abidəni ziyarət edəcək. Biz bunu mənəvi borc bilirik”.
Niyaməddin Orduxanlı xatırladıb ki, 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın əmri ilə Nuru paşa Qafqaz İslam Ordusuna rəhbərlik edərək, Azərbaycanı erməni-bolşevik hərbi birləşmələrindən azad edib:
“Nuru paşa Bakını işğaldan azad edəndən sonra Azərbaycan öz müstəqilliyini qura bilib. Tanrı Azərbaycanı işğaldan qurtaran türk əsgərlərinin ruhunu şad etsin!”