23 ildir daş üstündə yaşayan köçkün ailəsi: “Yaşamaq üçün yox, ölmək üçün ev istəyirik” - VİDEO/FOTO

Baxış sayı:
712

Cebhe.info redaksiyasına edilən şikayət zəngi bizi Sumqayıta qədər apardı.

Şikayətçi 1997-ci il sentyabrın 12-dən şəhərin S.Vurğun küçəsində yerləşən 1 saylı “Nərgiz” uşaq bağçasının həyətində kiçik bir komada məskunlaşan 78 yaşlı Rəbiyyə Hümbətova və ailəsidir. Onun sözlərinə görə, 5 övladı, nəvə və nəticələri var:

“Özüm ağdamlıyam, Cəbrayıla gəlin köçmüşəm. Orada tibb bacısı kimi xəstəxanada işləmişəm. Ermənilərin Cəbrayılı işğal etməsindən sonra bura gəlib, özümüz üçün yaşayış qurmağa çalışdıq. Həyat yoldaşımın 82 yaşı var. Hazırda burada 3 nəfər yaşayırıq. Övladlarım, nəvə və nəticələrim olsa da, onların üzünü çox görə bilmirəm. Bura gələn kimi də qaçıb gedirlər. Axı belə yerdə onlar necə qalsınlar? Əvvəllər burada gəlinim uşaqları ilə birlikdə qalırdı, sonra həm sıxlığa, həm də şəraitsizliyə görə məcbur qalıb çıxdılar. Bir oğlum da ailəsindən ayrılıb gəlib bura, 52 yaşı var, ona da, ərimə də mən baxıram”.

Şikayətçi ilə həmsöhbət ola-ola otaqlara baxırıq. Soyuq, daş döşəmə, mətbəx və hamamın olmaması, eləcə də tavanın vəziyyəti diqqətimizi çəkir. Onların burada illərlə necə yaşadığına təəccüblənirik. Bir neçə dəqiqəlik sükut yaranır və Rəbiyyə Hümbətova belə yerdə yaşamağın fəsadlarından danışır:

“Öd kisəmdə, böyrəyimdə problemlər yaranıb. Xəstə adamam, yağış yağanda otaqların tavanından su damır, vanna ilə doldurub çölə atıram. Gözüm də kor olub. Bir gözümə 500 manat verib linza saldırmışam, o birinə də pulum çatmadığı üçün qalıb. Bu qaranlıq yerdə heç pəncərə də yox idi. Bura pəncərəni ANS telekanalının rəhbərliyi saldırmışdı. Komanın qabağını da onlar tikib. 2004-cü ildə onlara axşam zəng etmişdim və elə səhəri gün gəlmişdilər. Sağ olsunlar, onların sayəsində heç olmasa bura bir az da olsa düzəldi. İndi də pis gündə yaşayırıq, içəri su gəlmir, hamam və tualet yoxdur. Qab, paltar yumaq üçün çölə gedirəm, orada da soyuq su ilə zülmlə yuyuram. Evin hər yeri mikrob, infeksiya mənbəyidir. Uşaqlar da bu evdə xəstə oldu, onları göndərdik. Özüm tibb bacısıyam, 38 il işləmişəm, həyat yoldaşım da baytardır, neçə il işləyib. Bizə ev niyə düşmür?”

Şikayətçi mövcud vəziyyətlə bağlı davamlı olaraq şikayət etdiyini bildirib:

“Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə, digər dövlət qurumlarına, bir sözlə, hər yerə ərizə yazmışam. Onlar da ötürürlər Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının üstünə. Ordan da nümayəndələr gəlir, ya evə girir, ya da çöldən baxıb deyirlər ki, ev yoxdur, mənzillər mərhələ-mərhələ verilir. Nə qədər adam ev aldı, ancaq biz ev ala bilmədik. Sonra üstündən bir müddət keçir, yenə başlayıram yazıram, yenə gəlib baxırlar və heç bir nəticə olmur. İndi də köçkünlər üçün bina tikilib hazırdır, ancaq bizə mənzil vermirlər. Bizə heç demirlər ki, sizə də inşallah, ev verilər. 23 il 5 aydır ki, daşın üstündə yaşayırıq. Burada nə qədər yaşayarlar? Hər yerimiz xəstə olub”.

78 yaşlı R.Hümbətova vurğulayıb ki, ev istəməkdə əsas məqsədi heç olmasa, öləndə başı üstündə damın olmasıdır:

“Bir dəfə də gəlib dedilər ki, sizə ev veririk, biz də sevinib, hazırlaşdıq. 3 gün sonra isə dedilər ki, ev başqalarına verildi, siz qalırsınız. 78 yaşım var, bundan sonra mən ev bəzəyən deyiləm ki… Məqsədim odur ki, öləndə öz evimdə ölüm, qohum-qonşu yanımda olsun. O binanın aşağısında mərasim evi var, öləndə heç olmasa yanımı adamlar kəssin. İndi ölsəm, yanımda duracaq adam yoxdur, gəlib deyəcəklər bu bədbəxt harada qalıb”.