2,1 milyondan çox insanın əmək haqqı və pensiyasında ciddi artım olacaq

Baxış sayı:
8494

Ekspert: “Belə sosial addımlar həmişə dəstəklənməlidir”

Prezident İlham Əliyevin 18 iyun tarixli sərəncamları ilə   ümumilikdə ölkədə minimum əmək haqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanı əhatə edəcək. Bunlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir.

“Yeni Müsavat” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, əmək pensiyasının minimum məbləğinin 160 manatdan 200 manata çatırılması 660 min pensiyaçını əhatə edəcək. Beləliklə, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əmək haqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əmək haqlarının, eləcə də dövlət başçısının qanunvericilik təşəbbüsü nəticəsində minimum pensiyanın artırılması birbaşa olaraq, 2,1 milyondan çox vətəndaşın əmək haqqı və pensiyasında ciddi artıma imkan verəcək. Bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə  660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq.

Minimum əmək haqqı 335 manata çatdırılmalıdır

Prezidentin sərəncamlarını dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, builki artımlardan əvvəl Azərbaycan minimum əmək haqqı və pensiya məbləğinə görə MDB-də ən aşağı yerlərdən birini paylaşırdı: “Bu isə təbii ki, resurs ölkəsi üçün heç də düzgün olmayan sosial siyasətin nəticəsi olaraq ortaya çıxmışdı. Amma hazırda bu il ərzində qəbul edilən qərarlar burada ciddi pozitiv dəyişikliyə gətirib çıxarıb. Belə sosial addımlar həmişə dəstəklənməlidir. Minimum pensiyanın 110 manatdan 200 manata qədər artırılaraq, pensiyaçılar üçün yaşayış minimumunu üstələməsi yaşlı vətəndaşların rifahının yaxşılaşmasına səbəb olacaq. Minimum əmək haqqında isə vəziyyət bir qədər fərqlidir. Burada əsas hədəf  2020-ci ilin ortalarındək minimum əmək haqqı məbləğini ölkə üzrə orta əmək haqqının 60 faizinə çatdırmaqdır. Dünya ortalamasında bu, 65 faiz ətrafında dəyişir. Bu isə o deməkdir ki, Azərbaycanda indi minimum əmək haqqı 335 manat civarında olmalıdır. İlin əvvəlində minimum əmək haqqı işləyənlər üçün yaşayış minimumundan da aşağı olmaqla 130 manat idi. 250 manata qədər artırılma 1 milyona yaxın insanın rifahında müəyyən dəyişikliklərə gətirəcək. Düşünürəm ki, bu istiqamətdə artım davam etməli, minimum əmək haqqının orta aylıq əmək haqqına nisbəti ümumi dünya ortalamasına uyğunlaşdırılmalıdır”.

iqtisadçı-ekspert Rəşad Həsənov ile ilgili görsel sonucu

Ekspertin fikrincə, minimum əmək  haqqının özəl sektordakı maaşlara təsiri kağız üzərindədir: “Özəl sektorda minimum əmək haqqı məbləğində əmək haqqı yoxdur. Bu sektorda əmək haqqı yüksəkdir, sadəcə, sosial ödənişlərdən yayınmaq üçün rəsmi müqavilədə məbləğ minimum əmək haqqı səviyyəsində qeyd olunur. Buna görə də minimum əmək haqqının artımı özəl sektorda işləyənlərin rəsmiləşən əmək haqqı məbləğini artıracaq, ən əsası isə onlara görə pensiya fonduna ödənişlərin yüksəlməsinə səbəb olacaq. İstənilən halda qəbul edilən qərarlar pozitiv qərarlardır. Əhalinin böyük sosial qruplarını əhatə edir və bu və ya başqa dərəcədə onların rifahını yüksəldəcək”.

Ekspertin sözlərinə görə, Azərbaycanda dövlət büdcəsinin sosial yükü digər ölkələrlə müqayisədə çox aşağı idi:“Məsələn, 2019-cu ilin dövlət büdcəsi təsdiq edilərkən büdcənin sosial yükü cəmi 32 faiz ətrafında dəyişirdi. Halbuki müəyyən ölkələrdə sözügedən nisbət 70 faizin üzərindədir. Dövlət büdcəsinin kifayət qədər imkanları var ki, sosial təyinatlı xərclərin spektri genişləndirilsin. Büdcənin tərkibində 2 milyad manata yaxın vəsait sosial iqtisadi islahatların həyata keçirilməsi üçün nəzərdə tutulub”.

Artımların inflyasiyaya ciddi təsiri olmayacaq

R.Həsənov hesab edir ki, sosial qərarlar nəticəsində baş verəcək artımlar ümumilikdə Azərbaycanda pul kütləsini artırmayacaq: “Bu il dövriyyəyə daxil olacaq pul kütləsinin həcmində dəyişiklik olmayacaq. Sadəcə, büdcədə bəzi xərc istiqamətlərinin təyinatı dəyişəcək. Artımların bir qismi sosial ödənişlər və əmək haqqından vergilər şəklində yenidən büdcəyə qayıdacaq. Digər qismi müəyyən kütləvi tələbat mallarının alınmasına yönəldiləcək. Bu baxımdan, həmin malların qiymətində müəyyən bahalaşma ola bilər. Lakin istehlak səbətinin tərkibinə daxil olan digər məhsul və xidmətlərdə bahalaşma olmadığına görə bu, ümumi inflyasiyada ciddi artıma səbəb olmayacaq”.

R.Həsənov minimum əmək haqqının artırılmasından sonra buna uyğun sosial sığorta haqqı ödəyən fərdi sahibkarların vergi yükünün artırılmasına da münasibət bildirib: “Hesablamalardan bəlli olur ki, 950 min vətəndaş maaşların aşağı həddinin artırılmasından yararlanacaq. Amma vergi ödəyən fiziki şəxslərin sayı Hesablama Palatasının rəyinə görə bu qərardan yararlananların sayından 6 dəfə azdır. Düşünürəm ki, son nəticədə sosial dövlət anlayışı kontekstində dövlət büdcəsinin xərclərinin strukturunda sosial xərclərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır. Bu eyni zamanda gəlirlərin yenidən bölüşdürülməsi prinsipinin ədalətliliyi baxımından əhəmiyyətlidir. İnsanların daha çox narazılığı ondan ibarətdir ki, mövcud meyarlar, faktiki, günün reallığına cavab vermir. İlin əvvəlində minimum pensiya həcmi 110 manat idi, yaşlılar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun həcmi 180 manat idi. Minimum pensiya alan adam hətta əlavə 60 faiz haradansa borclanmalı idi ki, bir ayı yola verə bilsin. Bu kimi ciddi fərqlər var idi. Minimum əmək haqqı, ehtiyac meyarında da bu özünü göstərirdi. Əsas prinsiplər bu nöqsanın aradan qaldırılması istiqamətində olmalıdır”.

Artımlara görə büdcəyə əlavə vəsait cəlb edilməyəcək

Samir Şərifov ile ilgili görsel sonucu

Maliyyə naziri Samir Şərifov dövlət televiziyasına bildirib ki,  2018-ci ilin dövlət büdcəsindən əmək haqqı artımlarına  500 milyon manatdan artıq vəsait sərf edilib: “Cari ilin mart-aprel aylarında ilk sosial tədbirlər paketi bəyan edilib və onun həyata keçirilməsinə başlanılıb. Prezidentin sərəncamlarına əsasən, minimum əmək haqqı və pensiya məbləğlərinin artırılmasına dövlət büdcəsindən 340 milyon manat vəsait ayrılıb”.

Nazir artımlar nəticəsində dövriyyəyə əlavə pul vəsaitlərinin daxil olmasının inflyasiya risklərini artıracağı ilə bağlı yayılan məlumatlara da toxunub: “Şübhəsiz ki, dövlət başçısı tərəfindən belə qərarlar qəbul edilərkən, bu cür məsələlərə də diqqət yetirilir. Sosial tədbirlərin həyata keçirilməsi mərhələlərə bölünüb. Birinci mərhələ - mart ayında qərarlar qəbul edilib, artıq icra olunmaqdadır. Biz inflyasiya baxımından hər hansı bir əhəmiyyətli təzyiq müşahidə etmirik. Amma bu izlənilir. İkinci artım isə artıq payız aylarına təsadüf edəcək. İndi qəbul edilmiş qərarın icrasına vaxt lazımdır. Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük. Bu gün inflyasiya kifayət qədər aşağı səviyyədədir. Bildiyimiz kimi, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, inflyasiya 2,5 faizdən aşağıdır. Hesab edirəm ki, müsbət amildir və biz də onun artıq bəzi əlamətlərini görürük”.

S.Şərifov qeyd edib ki, ölkə başçısının sosial sahədəki sərəncamları özəl sektorun da inkişafına müsbət təsir edir:“Vergi Məcəlləsində edilən dəyişikliklər inqilabi addım idi. Hansı ki, qeyri-dövlət sektorunda çalışan və gəlirləri 8 min manata qədər olan şəxsləri gəlir vergisindən azad edirdi. Bu, dövlət büdcəsi gəlirlərini azaldan amil idi. Məqsəd o idi ki, kölgədə fəaliyyət göstərən sahibkarlar şəffaflaşsın. Biz indi bu tədbiri görməklə yanaşı, minimum əmək haqqını artırırıq. Sahibkarlara deyirik ki, biz sizə bu güzəşti etmişik, indi siz də çalışın işçilərinizə daha yüksək əmək haqqı verin. Öz işçilərinizə bu məbləğdən az maaş ödəyə bilməzsiniz”.

S.Şərifov prezident sərəncamlarında əmək haqqı artımının səhiyyə işçilərini əhatə etməməsi məsələsinə də aydınlıq gətirib: “İcbari Tibbi Sığorta sisteminin tətbiqindən sonra tibb işçilərinin də əmək haqlarının artırılması gözlənilir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə “2019-cu il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunub.

“Yeni Müsavat” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, layihəyə əsasən ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin 2018-ci ildən qalmış qalıq vəsait hesabına 15 milyon manat artırılması zərurəti yaranıb. Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat məbləğində əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” Qanunun tələbləri gözlənilməklə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

Maliyyə naziri də bildirib ki, büdcənin əlavə mənbələrdən vəsait hesabına artırılmasına ehtiyac olmayıb: “Sosial müavinət və əməkhaqlarının artırılması dövlət üçün maliyyə yüküdür və bu, dövlət büdcəsində öz əksini tapıb. Biz xərclərin təyinatının dəyişdirilməsi hesabına bu məsələlərin həllinə tam nail olmuşuq. Ona görə də burada əlavə hər hansı vəsaitə müraciət etməmişik”.

Sahil Babayev ile ilgili görsel sonucu

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuata verdiyi açıqlamada növbəti ildən ölkə üzrə pensiyaların yenidən artırılacağını deyib: “Bildiyiniz kimi, pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60 faizi deməkdir. Yerdə qalan 40 faiz pensiyaçı da yaddan çıxmayıb. Orta aylıq əmək haqqı artımı proqnozumuz bu il üçün 15 faizdir. Buna uyğun olaraq 2020-ci ilin bir yanvarından bütün pensiyaçılarımızın pensiyası əlavə olaraq 15 faiz də artacaq”./musavat.com