2050-ci il üçün qurulan planlar... - “Bu hədəflər fantastikadır”

Baxış sayı:
21511

“Ermənistanın baş naziri Nikol Paşinyanın açıqladığı hədəflər mövcud reallığa baxanda fantastikadan başqa bir şey deyil”. 

Muxalifet.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a iqtisadçı ekspert Akif Nəsirli Nikol Paşinyanın açıqladığı “Ermənistan 2050 – İnkişaf Strategiyası” adlı sənədi şərh edərkən deyib.

“Ermənistan 2050- İnkişaf Strategiyası” adlı sənədə görə 2050-ci ilə qədər əsas hədəflər Ermənistan əhalisinin sayını 5 milyon nəfərə çatdırmaq, 1,5 milyon  iş yeri açılmaq, 2,5 milyon məşğulluq məsələsini həll etmək və yoxsulluğu aradan qaldırmaq, Ermənistanı sənaye ölkəsinə çevirmək, ümumdaxili məhsulu 15 dəfə artırmaq, ermənilərin dəyəri 10 milyard dollara və işçi startapları on minlərə yüksələn ən azı beş texnologiya şirkətinə malik olmaq, ordu döyüş hazırlığına görə  dünyanın  iyirmi lideri arasında yer tutmaqdır.

Akifr Nəsirli bildirib ki, əgər bu hədəflər məsələn, Gürcüstan üçün nəzərdə tutulsaydı, onun həyata keçəcəyinə inanmaq olardı. Lakin Ermənsitan üçün bu hədəflərə çatmaq inandırıcı görünmür: 

“Ermənistanın Rusiya və İran istisna olmaqla digər qonşunları ilə münasibətlər yaxşı deyil. Xüsusilə, Qafqazda iqtsadi cəhətdən daha güclü olan Azərbaycana qarşı düşmənçilik siyasi yürüdür. Bu siyasət Türkiyə ilə də münasibətlərə mənfi təsirini göstərib. Beləliklə, Ermənistan faktiki olaraq özünü region ölkələrindən təcrid edib. Bu halda hansı inkişaf strategiyasından danışmaq olar?”,- deyə iqtisadçı ekspert sual edir.

Akif Nəsirli əlavə edib ki, Ermənistan iqtisadı cəhətdən güclənmək və qarşıya qoyulan hədəflərə çatmaq istəyirsə, ilk növbədə region ölkələri, xüsusilə Azərbaycanla münasibətlərinə yenidən baxmalıdır:

“Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır, qonşularına qarşı torpaq iddialarından əl çəkməlidir. 

Bu gün Gürcüstanın sürətlə inkişafında Azərbaycanın da mühüm rolu var. Təsəvvür edin, Gürcüstanın 2018-ci il dövlət büdcəsinin 43 faizi Azərbaycanın bu ölkədə reallaşdırdığı layihələr hesabına formalaşıb. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son versə, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mane olmasa, mümkündür ki, rəsmi Bakı layihələri daha da genişləndirsin və Yerevan da bundan bəhrələnsin. 

Amma biz bütün bunların əksini görürük. Paşinyan Qarabağın Ermənistan ərazisi olması barədə məsuliyyətsiz bəyanat verir, tez-tez Qarabağa səfərlər edir və s. Onun hakimiyyətini qorumağa hesablanmış bu avantürist addımları münasibətləri daha da gərginləşdirir. Hətta Paşinyan bu addımları ilə digər qonşularını da çətin vəziyyətdə qoyur. Bu siyasətlə əlbəttə ki, onun açıqladığı hədəfləri reallaşdırmaq mümkün deyil”. 

Bildirək ki, Paşinyanın müəllifi olduğu sənnəd elə öz ölkəsinin ekspertləri tərəfindən utopik ideyalar kimi qiymətləndirilib. Qeyd edilir ki, o təkcə siyasi avantüraları ilə deyil, həm də utopik düşüncüləri ilə böyük siyasətin təsadüfi oyunçusu olduğunu nümayiş etdirir. Və inqilabçı baş nazirin bu addımları artıq onun öz komandasında da narahatlıq doğurmağa başlayıb. 

Digər tərəfdən uzun müddət Ermənistanı idarə edən Dağlıq Qarabağ klanı tam sıradan çıxarılmayıb və bu gün Paşinyan üçün ən ciddi təhlükə məhz bu qrupdan gözlənilir. Ekspertlər bildirirlər ki, Paşinyanın Dağlıq Qarabağa tez-tez səfərlər etməsi, orada populist bəyanatlar verməsi də hakimiyyəti üçün gözlənilən təhlükələri dəf etməyə hesablanıb. 

Ermənistan müxalifəti və ekspertlər hesab edir ki, bu sənəd ümumilikdə, iqtisadi hədəflər isə xüsusilə inandırıcı deyil. 30 il ərzində ümumdaxili məhsulun həcminin 15 dəfə artırılması faktiki olaraq mümkün deyil. Hətta hökumətə yaxın ekspertlər belə bu barədə danışarkən “əsas rəqəmlər deyil” deməklə diqqəti şişirdilmiş rəqəmlərdən yayındırmağa çalışırlar.

Məsələnin başqa tərəfi ondan ibarətdir ki, bu sənəddə göstərilən hədəflərlə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozları arasında ciddi fərqlər var. Strategiyada 2024-cü ildə ümumdaxili məhsulun ümumi həcminin 22 milyard dollar, adambaşına düşən miqdarı isə təxminən 6,6 min dollar olacağı qeyd edilsə də, BVF-nin proqnozlarına əsasən, ümumdaxili məhsulun həcmi 17 milyard dollar, adambaşına düşən miqdarı isə 5,7 min dollar təşkil edəcək. 

Daha bir nüans odur ki, mart ayında Dünya Bankı (DB) və BVF Ermənistan iqtisadi fəllağın azalacağı barədə proqnoz veriblər. Proqnoza görə, 2019-cu ildə Ermənistan iqtisadiyyatının aktivliyi 4,3 % azalacaq. BVF-nin proqnozunda isə bu, 4,5 % göstərilib. Bu proses ölkədən xarici valyutanın çıxması, sosial-iqtisadi vəziyyətin inkişafını əngəlləyən başlıca faktordur. 

Bundan başqa, strateji sənəddə təbii resurlardan asılılığın azaldılması ilə bağlı ideyalar olsa da, realda mümkünsüzdür. 

Təkcə ötən ilin statistik məlumatlarına diqqət yetirək: Ermənistanın ixrac strukturunun özəyini dağ-mədən sənayesinin xam və yarım-fabrikat malları (23 %), təbii daş-qaş və digər metallar (12,8 %), tütün məmulatları (11,2 %) və içkilər (9,63 %) təşkil edib. Bu isə ölkə iqtisadiyyatının primitiv iqtisadi modelə sahib olduğu təsdiq edir. Bu tendensiya uzun müddətdir ki, davam edir və 2016-2018-ci illər ərzində də qeyd edilən məhsulların ümumi ixracda payı 50 %-dan çox olub. 

Paşinyanın ən sensasion iddiaları isə turizmlə bağlıdır. Sənəddə ölkədə bir sıra idman yarışlarının keçirilməsi və turizm sektoruna investisiya yatırılması ilə 2050-ci ildə ölkəyə 15 milyon turistin cəlb olunması düşünülür. Daha bir açıqlamaya diqqət yetirək. Ermənstanın İqtisadiyyat və Qiymətləndirmələr Araşdırma Mərkəzi bildirir: Xarici turist olaraq ölkəyə səfər edən qonaqların 62 %-i dünyanın müxtəlif yerlərində yaşayan etnik ermənilərdir. Əlavə şərhə ehtiyac qalmır.

Beləliklə, Nikol Paşinyan iqtidarı ölkənin düşdüyü acınacaqlı durumun baiskarının keçmiş rəhbərlik olduğunu desə də, Ermənistanın yerləşdiyi coğrafi mövqe və apardığı işğalçı xarici siyasət ölkənin sosial-iqtisadi həyatına mənfi təsir etməkdədir və bugünədək heç bir ciddi nailiyyət əldə edilməməsinin əsil səbəbi budur. 

2050-ci ilə kimi isə “kim ölə, kim qala...”