2025-ci ildə Pakistanla Hindistan arasında nüvə müharibəsi?… – DƏHŞƏTİN SSENARİSİ

Baxış sayı:
175

Hindistanla Pakistan arasında uzun illərdir davam edən münaqişənin iki ölkə arasında nüvə müharibəsilə nəticələnməsi ehtimalı mövcuddur.

“AzPolitika.info” xəbər verir ki, Qərb mətbuatında Hindistan-Pakistan münaqişəsinin mümkün nəticələri barədə amerikalı alimlərin araşdırmalarının nəticələri dərc olunub.

Mütəxəssislər hesab edirlər ki, bu gedişlə, yəni iki ölkə arasındakı münaqişənin getdikcə güclənməsi və heç cür kompromis əldə edilə bilməməsi nəticəsində təxminən 2025-ci ildə nüvə müharibəsi baş verə bilər. Bu isə təkcə çoxdan nüvə dövlətinə çevrilmiş Hindistanla Pakistan üçün deyil, qonşu dövlətlər, hətta ümumilikdə yer kürəsi üçün böyük fəlakətlə nəticələnəcək.

Alimlərin fikrincə, 2025-ci ildə Hindistanla Pakistanın üst-üstə 400-500 ədəd strateji nüvə raketi olacaq. Həmin raketlərin hər birinin yüzlərlə kiloton gücə malik olacağı bildirilir. Gözlənilir ki, nüvə müharibəsi zamanı Hindistan 100, Pakistan isə 150 raketdən istifadə etsin.

Əgər müharibə ssenarisi gerçəkləşərsə, alimlərin hesablamalarına görə, nüvə zərbələri nəticəsində atmosferdə yaranan təbəqə günəş şüalarının yerlə təmasını 20 faiz azaldacaq. Nəticədə ümumilikdə planetin temperaturu ortalama 2-5 dərəcə enəcək. Həmçinin, yer kürəsində yağıntıların miqdarı 15-30 faiz aralığında azalacaq. Məsələn, Hindistanda və Mərkəzi Çində yağıntılar sıfır səviyyəsinə yaxınlaşacaq, ABŞ-ın qərbində və şimalında isə 50 faizədək azalacaq. Yer kürəsində temperaturun ən kəskin enişi nüvə müharibəsinin başlandığı andan təxminən 3 il sonra hiss olunacaq. Belə hava şəraiti 4 il stabil olaraq, davam edəcək. Temperaturun əvvəlki səviyyəyə qayıtması üçün isə ən azı 10 il vaxt lazım olacaq.

Ən əsası isə, alimlərin fikrincə, bu müharibə 100 milyondan çox insanın həyatına son qoyacaq. Müxtəlif variantlar nəzərə alınmaqla, Hindistanla Pakistan arasında baş verəcək nüvə toqquşması 50-125 milyon insanın ölümü ilə nəticələnə bilər. Ancaq bəla bununla da bitmir. Belə ki, nüvə müharibəsi olacağı təqdirdə sözügedən regionda uzun illər əkin-biçin işləri aparılmayacaq, mövcud olan məhsul isə məhv ediləcək. Bu da qıtlığa və aclığa, ardınca da kütləvi insan tələfatına səbəb olacaq.

Hələ bu, iki ölkənin öz nüvə potensiallarının yalnız təqribən yarısından istifadə edəcəyi təqdirdə nəzərdə tutulan proqnozlardır.

Ümid edək ki, nə belə bir müharibə baş verəcək, nə də proqnozlar özünü doğruldacaq.