2019-cu ildə ÖZÜNÜ İNKİŞAFIN YOLLARI... - Ekspert məsləhəti...

Baxış sayı:
2569

Yeni il vədləri vermək asandır, amma onları həyata keçirmək çətin ola bilər. Bir mahnı ifa etməyi öyrənər-öyrənməz musiqi dərslərini yarıda qoymaq, bir dəfə əzələ dartmaqla idmana getməyi dayandırmaq və ya cəmi bir neçə həftə əvvəl əla ideya kimi səslənən ciddi pəhrizi dayandırmaq... Yeni rejiminizi tətbiq etmək əziyyətli olduğu halda qüsurlarınıza köklənir və özünüzü olduğunuz kimi qəbul etməkdən imtina edirsiniz? "Özümdən məmnunam" ideyası ağılasığmaz görünür? İnsanın özünü sevməsi çətin işdir. Həqiqətən də çətindir. Başqasını sevmək, özünü sevməkdən daha asandır. Və özümüzü inkişaf etdirmək üçün söz verdiyimiz ən əlverişli məqamda - yeni il vaxtı bu, daha da çətinləşir. Hamımız yaxı bilirik ki, ən böyük dəstəkçimiz elə özümüzük, amma istər xarici görünüşümüz olsun, istər həyatımız, istərsə də verdiyimiz qərarlarda əksəriyyətimiz bunu tətbiq edə bilmirik. Əksinə özümüzdəki elementlərə nifrət etməyə meylli oluruq. Doğulduğumuz "çirkin" fiziki cizgilərə nifrət edirik, müvəffəqiyyətsiz olan zaman iradəmizə nifrət edirik və nifrətimizə nifrət edirik. Bu sikldir və həyatında bir dəfə belə olsun əminsizlik və özünə inamsızlıqdan əziyyət çəkməyən insan tanımıram. Başqalarını sevmək özünü sevməkdən nə qədər asan olsa da, 2019-cu ildə hər il qarşımıza qoyduğumuz tipik vədlərdənsə, özünü sevməyi sınamağa nə deyirsiniz? Çətindir, amma yoxlamağa dəyər, ələlxüsus qadınlar üçün. "Kişilər də özlərinə qarşı tənqidi yanaşırlar, lakin qadınlarda bu daha xüsusidir," müştəriləri arasında əsasən qadınların bu cür hissləri keçirdiklərini düşünən psixoloq Linda Blair deyir. 2016-cı ildə aparılan və 48 ölkə üzrə bir milyona yaxın kişi və qadını təhlil edən bir araşdırmaya əsasən, "ümumilikdə, kişilər qadınlardan daha çox özünəinamlı olurlar". "Həmin qadınlardan soruşuram ki, "Özünə nifrət etməklə nə əldə edirsən? Özünə nifrət etməklə özünün və ətrafındakıların həyatı daha yaxşı olurmu?" Bu, heç kəsi xoşbəxt etməyəcək bir vərdişdir və onlar bunu dərk edən zaman dəyişmək üçün ən az bir səbəbləri olur." Özünlə dostun kimi davran Blair-in məsləhət bildiyi ilk şey, "özünlə dostun kimi söhbət etməkdir". "Biz dostlarımıza qarşı çox mehriban və mərhəmətli olsaq da, özümüzə qarşı elə deyilik və bunun səbəbi var," o deyir. "Özünüzə ən yaxın dostunuzmuş kimi məsləhət verin." Məsələn, özünüzə işdən çıxarıldığınız üçün uğursuz biri olduğunuzu deyirsinizsə, eyni problemi yaşayan bir dostunuzun dərdini sizə danışdığını təsəvvür etməyə çalışın. Çox güman ki, onu bunun baş vermə səbəblərini qəbul edərək sakitləşdirməyə çalışar, onun xarakterinin ümumi göstəricisi olmadığına inandırmağa cəhd edər və daha yaxşı imkanların açılacağını izah edərsiniz. Özünüzü başqaları ilə müqayisə etməyin "Etdiyimiz böyük bir səhv, özümüzü başqaları ilə müqayisə etməkdir. İndiki dövrdə xüsusilə də sosial media və Instagram sayəsində," Bu Kitab Sizi Sakit Birinə Çevirəcək və Bu Kitab Sizi Xoşbəxt Edəcək (This Book Will Make You Calm and This Book Will Make You Happy) adlı özünü-inkişaf kitabının həmmüəllifi Jo Usmar deyir. "Özümüzdən əmin olmadığımız an, qüsurlarımızı axtarırıq və özümüz haqqında neqativ fikirləri dəstəkləyən şeylərə nəzər salırıq. Eləcə də, bizim həyatımızdan daha yaxşı həyata malik olduqlarını düşündüyümüz insanların müsbətlərinə köklənirik." Buna ən ümumi misal, saatlarla Instagram səhifələrində bəzənib-düzənən məşhurlara baxaraq özümüzə əziyyət vermək və niyə onlar qədər gözəl/cəlbedici/əyləncəli olmadığımızı düşünməkdir. Real həyatda onları tanımasaq belə. Bu vərdişi tamamilə yox etmək çox çətindir, əvəzində Usmar ədalətli müqayisə naminə idraki davranış terapiyası yanaşmasını məsləhət bilir. "Özünüzü müqayisə edərkən fikirləşirsiniz ki, 'Biz Sara ilə yaşıdıq və o, bunların hamısını bacarıb'. Belə düşündüyünüzün fərqinə varar-varmaz dayanın və daha ədalətli şəkildə təhlil edin," o izah edir. "Bu cür davam etmək daha əlverişlidir: 'Hə, Sara arzuladığı işi görür, amma həftədə 6 gün işləyir və evə axşam saat 9-da gəlir, mənim isə yaxşı sosial həyatım var.'" Əlbəttə ki, heç kim mükəmməl həyata sahib deyil - hətta, ən gözəl Instagram şəkilləri paylaşan o dostun belə - və həmişə çalışıb, bunu xatırlamalıyıq. Sosial media detoksu etməyə çalışın Usmar-ın dediyi kimi, müqayisələrin əksəriyyəti sosial media istifadəçiləri arasında baş verir. 2016-cı ildə yetkinlik yaşına çatmış təxminən 2000 gənc arşında aparılan araşdırmada müəyyənləşıb ki, "sosial mediadan istifadənin artan depressiya ilə xüsusi əlaqəsi var". Buna görə də Usmar və psixi sağlamlıq və bədən imici kampaniyaçısı Natasha Devon detoks təklif edirlər. "Daimi müqayisəyə ara vermək vacibdir," bir çox insanın sosial mediada keçirdiyi zamanın fərqinə varmadığını önə çəkən Devon deyir. Bir yeni araşdırma isə həyatımızın nə az, nə çox, beş ilinin sosial mediada "veyillənməklə" keçdiyini təxmin edib. Devon məktəblərdə çox sayda gənclərlə işləyib və deyir ki, "bayram ərəfəsində sosial media detoksu edən gənclərin çoxu onu bəyənir və bəziləri yeni ildə də davam edir." Əksəriyyəti Devon-a özlərini daha az narahat və ümumilikdə yaxşı hiss etdiyini deyib. Hər şey bədəninizdən ibarət deyil Bədən imici özünə nifrət və əminsizliyin ən böyük mənbəyidir. Bu, xüsusilə də qadınlar üçün keçərlidir. Birləşmiş Krallıqda yalnız 20% qadın bədən quruluşundan razıdır. Bu nəticəyə isə Dove-ın özünəinam araşdırmasından sonra gəlinib. Araşdırmada 13 ölkə üzrə 10500 qadın sorğudan keçirilib. Fiziki "qüsurlara" köklənmək başqa pozitiv atributları unutdurur. Devon deyir ki, diqqətimizi görünüşümüzə cəmləməkdənsə, başqa keyfiyyətlərə köklənməliyik. "Biz, hissələrimizin cəmindən daha çox şey ehtiva edirik," o söyləyir. "Buna görə də adətən bir-birimizə etdiyimiz komplimentlər görünüşlə bağlı olur - çünki mədəni olmağa çalışırıq - lakin əgər komplimenti qəbul edən tərəfiksə, beynimizdə "Sənə ayaqqabıların və saçlarına görə dəyər verirəm" eşidirik. Mən insanları, xarakter və şəxsi keyfiyyətlər əsasında edilən kompliment dəyişikliyinə dəvət edirəm. Bu, onlara niyə sevildikləri və dəyər verildiklərini xatırladır." Komplimentləri yazın Usmar insanların haqqınızda dilə gətirdikləri tərif və xoş sözlərini yazmağı məsləhət bilir. "Dörd gün ərzində sizə edilən istənilən komplimenti dərhal qeyd edin. Nə qədər böyük tərif olmasının fərqi yoxdur - yazın. Çox kompliment eşitmədiyinizi düşünə bilərsiniz, amma insanlar adətən nə qədər pozitiv şərhlərlə qarşılaşdıqlarının fərqinə varmırlar. Normal vəziyyətdə neqativ şeylərə o qədər köklənirik ki, yaxşıları görməzdən gəlirik." O inanır ki, yaxşı şeyləri qulaqardına vurmaq tendensiyası, bizim özümüz haqqındakı neqativ düşüncələrimizlə üst-üstə düşmədiyinə görə yaranır. "Yazmaqla özünüzü onlara diqqət ayırmağa məcbur edirsiniz," o izah edir. Üstəgəl, "əhvalsız və ya özünüzdən arxayın olmadığınız anlarda oxuyub, nəyisə yaxşı etdiyinizi düşünməyə bir şeyiniz olacaq." Özünüzə qarşı mərhəmətli olun Ən vacib şey, öz-özünün ən yaxşı dostu və dəstəkçisi olmaqdır. Özünə qarşı mərhəmətli olmaq isə, ehtiyaclarınızı anlayıb, özünü heç nəyə məcbur etməməkdir. Bu, intorvert olduğunuzu qəbul edib, heç də həmişə məclisin ürəyi olmayacağınızı anlamaqdan tutmuş, tələbə vaxtı daha yaxşı oxumadığınıza görə özünüzü bağışlamağa qədər hər şey ola bilər. Məqsədinizə çatmadıqda özünüzü cəzalandırmaq lazım deyil və əlçatan vədlər vermək gərəklidir. "Özünüzü uğursuzluğa hazırlamayın," Usmar bildirir. Bəzən özünüzü bəyənmirsinizsə, real olmayan planlar və ya vədlər verəcəksiniz. Sanki bu yolla özünüzə bir daha nə qədər müvəffəqiyyətsiz olduğunuzu sübut etməyə çalışacaqsınız." "Artıq bir çox insan, istirahət və həqiqətən həzz aldıqları bir şeyi etmək kimi alternativ yeni il vədlərini sınamağa üstünlük verir," Devon deyir. O, "etməli" olduğunuz şeylər əvəzinə, sizi xoşbəxt edəcək işləri görməyi məsləhət bilir. Bunun üçün yaxşı bir üsul "Edilməlilər" yox, "İstədiklərim" siyahısı tərtib etməkdir. Bu yolla görmək istədiyiniz işin səbəbini və onun sizə necə kömək olacağını xatırlayacaqsınız. Bu üsullara əməl etmək sizdə dərhal özünəsevgi yaratmaya bilər, amma ən azından özünənifrəti azaltmaqda kömək olar. Daxili tənqidi səsi boğmaq üçün həmişə uzun yol qət etmək lazım gəlir, amma bu yol getməyə dəyər.