2018-ci ildə Şuşada ermənilərlə yeyib-içdi və... - Cəbrayıl sakininin kimliyini sosial şəbəkədə açıqlayan tibb işçisinin həbsi tələb olunur

Baxış sayı:
32341

Gülnarə Hacıyeva: “Hakim Ceyhun Qədimov bu işə şəxsi münasibətdə olan problem kimi baxır”

Sentyabrın əvvəlində “Hürriyyət” qəzetində “Azərbaycan vətəndaşı Şuşaya necə gedib?” sərlövhəli yazı dərc etmişdik. Qeyd etmişdik ki, Şuşa şəhəri ermənilərin işğalı altında olan ərəfədə, təxminən 2018-ci ildə “İsa bulağı”nda kabab, araq sifariş edən azərbaycanlının - Cəbrayıl rayonunun Qumlaq qəsəbəsindən olan Babayev Ceyhun Ayaz oğlunun kimliyini açıqlayan 1976-cı il martın 10-da Bakı şəhərində anadan olan, tibb işçisi Hacıyeva Gülnarə Zakir qızı təhdid olunur...
Xatırladaq ki, 2019-cu il, iyun ayının sonunda “Youtube”-da ermənilərin işğal etdiyi Şuşada azərbaycanlıların yeyib-içdiyi haqda görüntülər yayılıb. “İsa bulağı” adlanan ərazidə çəkilən görüntülər internetə “İyun, 2019, bizim günlər” sərlövhəsi ilə yerləşdirilib. Həmin vaxt bu video sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilsə də, Şuşada yeyib-içən azərbaycanlıların kimliyi açıqlanmayıb. 
Nəhayət, bu videodan bir neçə ay sonra xəbərdar olan Gülnarə Hacıyeva “İsa bulağında” erməni ofisiantlara kabab və araq sifariş edən azərbaycanlılardan birini tanıyır. Çəkiliş aparan şəxsin üzü görünməsə də, G.Hacıyeva danışığından və səsindən onun övladlarının atası, keçmiş həyat yoldaşı Babayev Ceyhun Ayaz oğlu olduğunu müəyyən edir. Bu haqda internetə yerləşdirilən videonun altından rəy yazdıqdan sonra, xanım tibb işçisi C.Bayramov tərədindən təhdid olunub, daha sonra isə onun barəsində xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırılıb.
G.Hacıyeva ilə söhbətimizdə məhkəmə prosesinin gedişi ilə maraqlandıq.
- Gülnarə xanım, sizin iddianızdan fərqli olaraq, iddiaçı tərəf şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərər vurulduğunu bildirir. Məhkəmə ekspertizasının bu haqda rəyi necə oldu?
- İlk öncə onu deyim ki, Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov bu işə şəxsi münasibətdə olan problem kimi baxır. Guya, mən durduğum yerdə kimisə təhqir etmişəm, şərəf-ləyaqətini alçaltmışam. Mənə bir vətəndaş kimi maraqlıdır ki, bu insan hələ 2018-ci ildə Şuşaya hansı yollarla gedib çıxıb. Babayev Ceyhun bizə düşmən olan xalqla görüşüb, necə Azərbaycana gələrək, sərbəst gəzə bilir? Bu insan işğal altında olan torpaqlarımıza hansı pasportla gedib? 
Keçən dəfə, noyabrın 10-dan əvvəlki məhkəmə prosesində vəkilimlə bir yerdə tələb etdik ki, o insan Azərbaycan pasportunu təqdim etsin. Pasport prosesə gəlib çıxmadı. Nə də noyabrın 10-da baş tutan prosesdə heç üstünü belə vurmadı ki, ondan pasportunu təqdim etmək tələb olunub. Çox istərdim ki, o insanın hansı dövlətlərin vətəndaşı olduğu aydınlaşsın. Mənim məlumatıma görə, bizim ölkədə ikili vətəndaşlıq qadağandır. Hətta buna görə cinayət işi açılır. Azərbaycan vətəndaşı başqa dövlətin də vətəndaşı olduğu halda Dövlət Miqrasiya İdarəsinə mütləq bildirməlidir. Həmçinin, bu insan gözümüzün önündə sosial şəbəkədə videosu olduğu və hamının bunu gördüyü halda heç bir dövlət qurumu buna reaksiya vermir ki, Azərbaycan vətəndaşı hansı yollarla Şuşaya gedib-gələ bilib. Videoda açıq-aydın iki erməni ilə görüşməsi əks olunur, bir nəfərin də üzü görünür. Belə bir nüansa da diqqət etdim ki, bu insan videoda özünü çəkmir. Amma yaxşı ki, özü şərh edir. Onun videodakı şərhləri sayəsində mən bu adamın səsini tanıdım. Amma çalışır ki, yanındakı insanın üzünü qeydə alsın. Bir adamın simasını videoda çəkib göstərir. Bizim DİN, DTX həmin insanın yanında olanı da tanımadı? Axı, o da azərbaycan dilində danışır və danışan adamın üzü videoda göstərilir. 
- Siz nəyə əsasən belə hesab edirsiniz ki, hakim bu işə qərəzli yanaşır? Sırf pasport məsələsinə görə, yoxsa...
- Yox, təkcə pasport məsələsi deyil. Vəsadət qaldırdıq ki, səs yazısı ekspertiza olunsun. Tonoskopik ekspertiza keçirilsin. Hakim Ceyhun Qədimov vəsadəti kənara qoydu, bildirdi ki, baxılacaq. Və mənə sual verdi ki, sizin əlinizdə bu insana aid səs yazısı var? Dedi ki, mən bu səsi identifikasiya üçün yollayanda əlimdə səs yazısı olmalıdır, mən onu könüllü şəkildə yollaya bilmərəm, buna görə əlimizdə onun səs yazısı olmalıdır. Mən o vaxt hakimə dedim ki, yoxdur. Heç ağlıma da gəlmədi ki, bu insanı danışdırıb, səsini yazım. 
Amma sentyabrın 13-də bu adam zəng vuranda, onun səsini yazdım. Odur ki, indi bu işin araşdırılmasını mən dövlətdən tələb edirəm. Çünki bu işin araşdırılması birbaşa dövlətə aid olan məsələdir. Dövlətin vətəndaşı özbaşına deyil ki, işğal olunmuş torpaqda düşmənlərlə görüşsün, danışsın, biznes əlaqəsi qursun, qohumluq əlaqəsi qursun, getsin, gəlsin. Bu düzgün deyil, cinayətdir. Bu cinayətin üstünü bağlamaq üçün mən niyə alət olmalıyam? Çünki göz yummamışam, sakit durmamışam. İnsanlar haqlı olaraq söyür, mən də açıq-aydın yazmışam ki, bu nə nazir balasıdır, nə nazirdir, filankəsov filankəsdir, yəni Babayev Ceyhun Ayaz oğludur. Bir də qeyd etmişəm ki, saxta veterandır, saxta Qarabağ əlilidir. 
-Sonra qeydə aldığlnız səs yazısını məhkəməyə təqdim etmədiniz?
- Noyabrın 10-da baş tutan məhkəmə prosesində dövlət tərəfindən təyin olunmuş vəkilim Teymur Qasımov dedi ki, bizim vəsadətimiz var, səs ekspertizası olunsun. Hakim sual verdi ki, siz bununla nə əldə edəcəksiniz? Vəkil haqlı olaraq cavab verdi ki, bununla da işə xitam verilməlidir. Çünki cavabdehin cinayəti yoxdur, o cinayətlə ittiham oluna bilməz. Orada cinayət faktı ləğv olunur. 
Məhkəməyəbu səsi təqdim etmişəm. Səs identifikasiya olunmalıdır. Hakim qarşı tərəfin vəkilinə dedi ki, sizdə videonun çəkildiyi cihaz var? Əlbəttə ki, qarşı tərəfin vəkili nümayəndə kimi dedi xeyr, bizdə belə bir şey yoxdur, olmayıb da. Mən dedim ki, möhtərəm hakim, keçən dəfə siz vəsadətə baxılmamış kimi onu kənara qoydunuz. Dediniz ki, əlinzdə bu insana aid səs yazısı varmı? Bu insan ekspertizaya könüllü getməlidir, getmir, mənim əlimdə bir nümunə olmalıdır. Siz mənə nümunə təqdim etməlisiniz, mən onu yollamalıyam məhkəmə ekspertizasına. Sentyabrın 13-də bu insan zəng vurub, oğlumla danışdı. Bu zaman oğlum mikrafonu açdı, mən onun səsini öz telefonuma yazdım. Səsi dəftərxanaya vəsadət kimi təqdim etdim.
- Niyə məhz dəftərxanaya?
- Çünki sentyabrın 13-ü vəsadət təmin olunmamışdı. Həmin günki məhkəmə təxirə düşdü. Dedilər ki, sizin məhkumluğunuz haqda DİN-ə sorğu yollayırıq, ona görə bu gün məhkəməni təxirə salırıq. Məhkəmədən 5-10 dəqiqə qabaq mənə zəng vuruldu. Səbəbi yerində bilmək istədim ki, niyə təxirə salınır, bir gün əvvəl deyil, məhkəmədən 10 dəqiqə əvvəl hakimin katibi mənə zəng vurur, bildirir. Katibin məsləhəti ilə biz vəsadəti təqdim etdik. Nə baxılmayıb, nə də rədd olunub. Kənarda qalıb ki, səs nümunəsi yoxdur. Biz də səs nümunəsi təqdim etdik, qəbul olundu. Noyabrın 10-u hakim görəndə ki, işin içində səs yazısı da var, bundan sonra birtərəfli mövqe göstərdi. Hakim faktiki olaraq prosesdə iddiaçının vəkili kimi çıxış etdi. Bildirdi ki, vəsadət təmin olunmayacaq, ona görə ki, video çəkilən cihaz yoxdur. Vəsadətin təmin olunması üçün heç bir problem yox idi. Bu şəxsən mənə aid olan problem deyil. Hakimin özü də bunda maraqlı olmaldır ki, bu insan oralara necə gedib-gəlir. Bu hadisə müharibə bitəndən sonra olmayıb. Bir-iki il öncə olan hadisədir. 
-Gülnarə xanım, sualıma cavab vermədiniz, ekspertizanın rəyi necə oldu? Siz həqiqətən təhqirə yol vermisiniz?
- Ekspertizanın rəyi belədir ki, heç bir şərəf-ləyaqətin alçaldılması faktı yoxdur. Orada mən nə söyüş yazmışam, nə təhqir yazmışam. Yazılarım açıq-aydın orada durur. İş materialının içində də var. Odur ki, 147.2-ci maddə ləğv olunmalıdır. 148-ci maddəyə görə, guya nüfuzunu alçaltmışam. “Nüfuz alçaltmaq” da ondan ibarətdir: iki kəlimə söz yazmışam ki, bu insan saxta Qarabağ əlilidir, saxta veterandır. 
- Bu haqda əlinizdə faktlar var?
- 1998-ci ildən tanıdığım insandır. Çalışdığım xəstəxanada xəstəmiz olub. Bu insanın bədənində heç bir güllə, qəlpə yarası olmayıb. Bu insanın saxta əlilliyi olmasını mən heç bilmirdim də. Aliment məsələsinə görə sorğu verəndə Nərimanov rayonu icra məmuru müəyyənləşdirdi ki, oradan da aliment tutulmalıdır. Mən bu zaman bildim. 
Saxta veteranlığna gəlincə, bu insanın özü mənə deyib ki, veteran vəsiqəmi 200 AZN-ə almışam. Heç bir döyüşçü onu tanımır. Döyüşçülər deyirlər ki, biz bu insanı tanımırıq, harada döyüşüb, yerin altında döyüşüb? 
-Növbəti məhkəmə prosesi nə vaxta təyin olunub?
-Noyabrın 24-də, saat 12:00-da keçirilməlidir. Hakim demişdi ki, Azəzrbaycan pasportunu təqdim etsin. Pasport gəlib çıxmadı. Çünki mən tələb etdim ki, bu adam Azərbaycan vətəndaşı kimi hansı pasportla gedib gəlib. Şuşa Azərbaycan torpağıdır. İşğalda olan vaxt hansı dövlətin ərazisindən ora gedib-gəlib? 
-Bir halda ki, sizin vəkilinizin də dediyi kimi ekspertizaya səsin göndərilməsi və oradan cavab alınması sizə qarşı ittihamları ortadan qaldırır, onu şəxsi qaydada etmək mümkün deyil?
- Əlbəttə, mümkündür. Açıb informasiyalarla maraqlanıram. Təəssüf ki, Azərbaycanda müstəqil ekspertizalar yoxdur. Doğrudur, prezidentin 2019-cu ildən qərarı var ki, müstəqil ekspetizalar yaradılsın. Amma bizdə müstəqil ekspertlər yoxdur. Vəsadətlər ancaq hakimilərin verdiyi qərarla icra olunur. Düşünürəm ki, əgər hakim işə ədalətli baxmaq fikrindədirsə, kimlərsə ona zənglə, hörmətlə nələrsə etmirsə, o mütləq ekspertizada ilə bağlı vəsadəti təmin etməlidir. Çünki bu məsələdə düyünün açılması yalnız vəsadətin təmin olunması ilə mümkündür. 
- “Hakimin başqa fikri yoxdursa” deyirsiniz. Hakimin nə fikri ola bilər? Düşünürsünüz ki, sizin haqqınızda həbs qərarı da verə bilər?
-Bəli, həbs qərarı verməsə belə... Qarşı tərəf 8-9 ayda məni hədələrlə susdurmağı bacarmadı ki, gəl razılaşaq. 
-Nə razılaşma ola bilər ki... Sizə təkliflər gəlir?
-Bəli, mənə də maraqlıdır ki, nədən söhbət gedə bilər. Məni tanıyanlar nə qədər düzgün, prinsipial olduğumu bilir, hətta buna görə bəziləri çəkinir. Yəni orada heç bir razılaşma ola bilməz. Mənim yaxınlarımı işə qatmaqla, yaxınlarımla görüşüb demək ki, bizi görüşdürün, oturub danışaq... “Biz” deyə bir şey yoxdur. Mən bu insanla heç bir danışığa getmək fikrində deyiləm. İlk gündən ona Watsap-la yazdığım bir sual da bu oldu ki, sən orada nə gəzirsən?
-Aydındır. Deyirsiz ki, hakim qərəzlidir. Birtərəfli qaydada iş aparır... 
-Mən bunu prosesdən görürəm.
-Bu qərəz hardan qaynaqlana bilər? Onun bu işdə nə kimi marağı ola bilər? 
-Hakim daha yaxşı bilir ki, marağı nədir. Bu məhkəmədir, məhkəmənin də qaydası var. Linqvistik ekspertiza təyin olundusa, fonoskopik ekspertizanın təyin olunmasında problem nə idi? Bu məsələnin üstü açılqandan sonra mənim barəmdə açılan işə xitam verilir. Və məhkəmə Baş Prokurorluğa ərizə verməlidir ki, bu insan həbs olunsun. Qarşı tərəf də əlindən gələni edir ki, bu iş olmasın. 
-Siz qaldırdığınız vəsadətlərdə məqsədiniz nədir? Özünüzü müdafiə etməyi, yoxsa qarşı tərəfin ifşa olunmasını istəyirsiniz?
-Mən özümü müdafiə etmirəm. Haqlı olduğumu bilirəm. Özümü müdafiə edəcək heç bir şey etməmişəm. Kimlərsə kimlərəsə yaxşı oğlan deyir. Mən yaxşı oğlan demirəm. Mən deyirəm ki, filankəs Şuşada olub. Olmayıbsa, sübuta yetirsin ki, olmayıb. Mən onun yerinə olsaydım, özüm ekspertizaya gedərdim ki, yoxlayın, baxın, bu mən deyiləm. Canfəşanlıq edirlər ki, səs ekspertizası olunmasın. Niyə olunmasın?
Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org