2018-ci ildə Ermənistanın hərbi xərcləri 33% artıb - Başqa artıranlar da var

Baxış sayı:
6624

Stokholm sülh araşdırmaları institutu (SİPRİ) silahlanma ilə bağlı yeni hesabat yayıb.
Ermənistan mediasının verdiyi xəbərə görə, qurum Ermənistanın 2018-ci ildəki hərbi büdcəsinin 33% artaraq 609 milyon dollara çatdığını bildirib. Bu isə Ermənistanın ümumdaxili məhsulunun (ÜDM) 4,8%-ni təşkil edir.
Hərbi xərclərin artırılmasına görə Ermənistan dünyanın ilk 10 ölkəsi arasında göstərilir.
Hesabatda Ukrayna ilə bərabər, Mərkəzi və Şərqi Avropa dövlətlərinin də müdafiəyə daha çox vəsait ayırdıqları qeyd olunub.
SİPRİ-nin məlumatlarına görə, təkcə Ukryanada hərbi xərclər 21% artırılaraq 4 milyard 800 milyon dollara çatıb.
Eyni tendensiya Bolqarıstan, Rumıniya, Latviya və Litvada müşahidə olunur.
“Adları çəkilən sonuncu ölkələrdə hərbi xərclərin artması Rusiyanın yüksələn təhdid olaraq qiymətləndirilməsi ilə bağlıdır. Hətta rəsmi Moskvanın son iki ildə müdafiə xərclərini azaltması da onların qorxularını azaltmayıb”, - deyə institun baş elmi əməkdaşı Piter Vezeman bildirib.
Bolqarıstan, Rumıniya və Latviyanın hərbi büdcələrinə 18-24%-lik yüksəliş var. Polşa büdcəsində isə orduya ayrılan vəsait 8,9% artırılaraq 11 milyard 900 milyon dollara çatıb.
SİPRİ-nin hesabatında Ruisyanın keçən il silahlı qüvvələrə 61 milyard 400 milyon dollar pul xərclədiyini qeyd edərək, onun dünyada hərbi məsrəflərə görə 6-cı sırada durduğunu vurğulayıb.
Sərt sanksiyalar ən çox İrana təsir edib. Rəsmi Tehranın silahlı qüvvələrlə bağlı büdcədə ixtisara getdiyi və 13 milyard 200 milyon dollar vəsait ayırdığı göstərilib.
İlk 2 sırada isə 649 milyard dollarla ABŞ, 250 milyard dollarla Çin durur. Onları Səudiyyə Ərəbistanı, Hindistan və Fransa təqib edir.