"2014-cü ildə danışdıq, 15 minə razılaşdıq" - DƏLƏDUZLUQ İŞİ

Baxış sayı:
547

Özünü icra hakimiyyətinin əməkdaşı kimi təqdim edərək, vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, vətəndaşların yeni tikilən obyektlərinə rəsmi sənədlər hazırlayırmış.

Musavat.com zəvər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Asif Gülüşov ifadəsində bildirib ki, Şirvanda qeyri-yaşayış sahəsi tikdirmək istəyib. Həmin obyektə lazım olan sənədləri hazırlamaq üçün Teyyub Quliyevə müraciət edib: "Mən nə sənədlər lazım olduğunu bilmirdim. Təcili obyektin sənədlərini hazırlamaq lazım idi. Maraqlandıq ki, bu işləri tam olaraq kim görə bilər. Teyyubu tapdıq ki, bu sənədləri görsün, biz də tikintiyə başlayaq. 2014-cü ildə danışdıq, 15 minə razılaşdıq. Rayonda olan iki otaqlı evi satdıq, anamla birlikdə pulu verdik. Uzun müddət get-gələ düşdüm. Axırda mənə bir neçə sənəd verdi. İcra hakimiyyəti isə həmin sənədləri qəbul eləmədi. Məlum oldu ki, həmin sənədlərin əksəriyyəti əhəmiyyətsizdir, sadəcə kağız parçasıdır".

Təqsirləndirilən Teyyub Quliyev isə sənədləri hazırladığını məhkəmədə bir daha deyib. İş üzrə digər zərərçəkmiş Əsgər Əsgərov da məhkəmədə ifadə verib. O da eyni məqsədlə təqsirləndirilən şəxsə pul verib: "Beyləqanda qeyri-yaşayış sahəsinin sənədlərini hazırlamaq üçün adam axtarırdım. Öz işlərim çox idi deyə çatdıra bilmirdim. Kim bu işi görəcəksdisə, qarşılığında ona da hörmət edəcəkdim. İlk öncə 5 min manat verdim. Sonra isə 250 manat və 300 manat da əlavə istədi. Sənədlərin bir hissəsini hazırladı. Amma həmin sənədləri icra hakimiyyətindən qəbul etmədilər". 

Əsgər Əsgərov pulunun 1700 manatının qaytarıldığını desə də təqsirləndirilən Teyyub Quliyev bununla razılaşmayıb. Deyib ki, pulun tam hissəsini müstəntiqə verib: "Müstəntiq pulu istəyəndə aparıb verdim. Dedi ki, zərərçəkmişə ödəniləcək".

Zərərçəkmiş isə heç bir məbləğin ödənilmədiyini deyib. Məhkəmə iclası martın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Teyyub Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Ev dustaqlığındadır.

Məlumata görə, o, özünü icra hakimiyyətinin adamı kimi təqdim edərək müxtəlif şəxslərə rəsmi sənədlərin hazırlanması xidmətini göstərirmiş.