20 min insana cəmi bir təcili yardım maşını xidmət göstərir, o da yararsız vəziyyətdədir – ŞƏKİDƏN ŞİKAYƏT

Baxış sayı:
9560

Şəki rayonunun Baş Göynük kənd sakini, kənd Həkim Məntəqəsinin təcili yardım sürücüsü, Qarabağ müharibəsi veteranı Vəliyev Faiq Hüseynbala oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına .ikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Baş nazir NovruzMəmmədova, Səhiyyə naziri Oqtay Şirəliyevə, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Atam Hüseynbala Vəliyev ömrünün 40 ilini Baş Göynük kənd xəsətəxanasının təcili yardım avtomobilinin sürücüsü işləmiş və təqaüdə çıxdıqdan sonra peşəsini davam etdirmək üçün sükanı mənə vermişdir. Və hal-hazırda idarə etdiyim 99 JU 207 dövlət qeydiyyatı olan, 1984-cü il buraxılışlı UAZ markalı təcili yardım avtomobilini atam 20 il işlətdikdən sonar, indi mən 15-ci ildir ki, birtəhər idarə etməyə çalışıram. Niyə birtəhər? Ona görə ki, son 3- ilə qədər rayonumuzun həm əhalisinə (10 000 nəfər), həm də ərazisinə görə ən böyük kəndi olan Baş Göynük kəndinin asfalt yolu olmamış, insanlarımız uzun müddət yolsuzluqdan əziyyət çəkmişdir. Belə bir vəziyyətdə 36 il fasiləsiz istifadə olunan bir köhnə UAZ-ın hansı texniki vəziyyətdə olmasını, məncə, izah etməyə ehtiyac qalmır.
Digər tərəfdən, bu ilin mart ayına kimi sürücü kimi əmək haqqım 150 manat olmuşdur. Baxmayaraq ki, Şəki şəhərində fəaliyyət göstərən təcili yardım avtomobil sürücülərinin əmək haqları nədənsə bizimkindən 3 dəfə artıq, yəni 450 manat hesablanırdı. Amma eyni işi görürdük. Hətta kənd təcili yardım avtomobillərinin işi nisbətən daha çətin olurdu. İş ondadır ki, indi idarə etdiyim avtomobilin texniki cəhətdən tam yararsız vəziyyətdədir. Mühərrik normadan dəfələrlə artıq yağ işlədir, kuzanın sol bortu tamamilə çürümüşdür, ötürücü mexanizmi çox pis işləyir, təkərlərin vaxtı keçmiş, keyfiyyəti itmiş vəziyyətdədir. Dəfələrlə, istər vəfat etmiş şəxsləri morqa apararkən, istərsə də ağır xəstələri şəraiti olmayan həkim məntəqəsindən Şəki Mərkəzi Xəstəxanaya apararkən yolda avtomobilin hissələri sınıb. Nə rəhmətlik atamın dövründə, nə də indi mənim vaxtımda dövlətin ən vacib hesab edilən təcili yardım avtomobili üçün reallıqda heç bir detalı yenisilə əvəzlənməyib, hamısını öz cibimin xərcilə birtəhər yoluna qoyub, avtomobili işlətmişəm.
Əvvəlki  baş həkimlərə ehtiyat hissəsi üçün müraciət edəndə dərhal cavabım bu olurdu ki, işlədə bilmirsənsə get açarı təhvil ver. Mən də əlacsızlıqdan hər il şəxsi təsəsrrüfatımda bəslədiyim danaları böyüdüb satır və ən vacib detalları alıb avtomobili birtəhər işlədirdim. Doğrudur, baş həkimlərim mənim bu əziyyətimi görüb, işdən sonra şəxsi təsəsrrüfatım üçün, həm də məclislərə sərnişin daşınması üçün avtomobildən istifadə etməyimə imkan verirdilər. Sağ olsunlar. Amma yenə də çox vaxt təcili yardım avtomobilim nasaz olduğundan yolda xarab olub qalırdı və xəstə sahibləri düşüb avtomobili itələməyə məcbur olurdular. Buksirlə xəstəni həkimlərə çatdırmalı olurduq. Yəni təcili yardım avtomobilinin özünə vətəndaşlar yardım etməli olurdular. Digər tərəfdən amorttizator sistemi işləməyən avtomobilim xəstələrin vəziyyətini bir az da pisləşdirir. Nəinki xəstə, hətta sağlam vətəndaşlar rayon mərkəzinə çatana qədər həmişə özlərini birtəhər hiss ediblər.
Son vaxtlar vəziyyət bir az da mürəkkəbləşib. Belə ki, kənddə olan qoca və ağır xəstələrin vaxtında və operativ olaraq rayon mərkəzinə çatdırılması işi Baş Göynük kənd Həkim Məntəqəsinin işini təcili yardım avtomobilinin olmaması ucbatından mürəkkəbləşdirir ( ölüm halları artır) və yerli sakinlərin narazılığı artmaqda davam edir.
14 aprel 2019-cu ildə zonada 20 000 insanın sağlamlığına cavabdeh olan Həkim Məntəqəsinin təcili yardım avtomobililə təchiz olunması məsləsilə bağlı müraciətim Şəki Rayon Mərkəzi Xəstəxanasında müzakirə edilmiş və 14 may 2019-cu il tarixli cavab məktubunda bildirmişlər ki, həqiqətən kəndin təcili yardım avtomobili tam yarasız vəziyyətdədir və yeni avtomobilin ayrılması üçün aidiyyatı təşkilatlara müraciət olunduğu bildirlir. Amma nə fayda. 3 aydır ki, Səhiyyə Nazirliyi Şəki Mərkəzi Xəstəxanasına bu məsələilə bağlı cavab vermir. Sanki insan taleyi kibrit qutusu imiş. Budur, son 3 ay ərzində mən qapıbir qonşum olan Məmmədova Simuzəri 17 may 2019-cu ildə və onun yoldaşı olan Əhməd Həmidovu 21 avqustda təcili Mərkəzi Rayon Xəstəxanasına vaxtında çatdıra bilmədiyimə görə ər-arvad olan bu ahıl insanlar vəfat etmişlər. Yəni xəstələrə vaxtında ilk tibbi yardım göstərilsəydi və sonradan müalicə düzgün aparılsaydı, bu tanınmış ziyalılar göz görə-görə məhv olmazdılar. Mən bu faciəyə görə inbi də xəcalət hissi keçirirəm.
Odur ki, Cənab Prezident, cənab Baş nazir və cənab Səhiyyə naziri, əsasən xəstə insanlarımızın əzab-əziyyətdən, ölümdən qurtarması və rahat formada 30 km məsafədə yerləşən Şəki  Mərkəzi Xəstəxanasına vaxtında çatdırılması üçün işimi itirmək riskilə Sizlərə təkrar xahişlə müraciət edirəm. İmkan varsa, Şəki rayonun Baş Göynük kənd Həkim Məntəqəsinin 36 yaşlı tam yarasız vəziyyətə düşmüş təcili yardım avtomobilini nizbətən yararlı digər avtomobillə əvəz edilməsinə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlər.
QEYD: Mənim 8 aprel və 9 avqust 2019-da yuxarı orqanlara etdiyim eyniməzmunlu təkrar müraciətin araşdırlması üçün 13 sentyabrda Səhiyyə Nazirliyinin 3 əməkdaşı kəndimizin Həkim Məntəqəsinə yoxlamaya gəlmiş və heç kimi tapmasalar da telefonla kimləsə danışıb OBYEKTİN “fəaliyyətindən” razı qaldıqlrını bildirib, tez də çıxıb getmişlər. Nazirliyin bu “ağıllı” komissiyası heç məni bir sürücü kimi dəvət edib soruşmadı ki, ay kişi, sənin təcili yardım avtomobilinə baxmq olarmı? Xatırladım ki, mənim evim xəstəxana ilə üzbəüz yürləşir. Bir sözlə, “Təpəmə dəysin belə yoxlama!””.
 
Muxalifet.az
 
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.