2 saylı uşaq evində balacanı döyən tərbiyəçi işdən qovuldu - VİDEO

Baxış sayı:
2263

"2 saylı uşaq evində mənim övladıma həm fiziki, həm də psixoloji təsir göstərirlər".

Bu iddianı Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin sakinlərindən Mirəli Quliyevin anası Ərkinaz Quliyeva övladının döyülməsi və psixoloji təsirlərə məruz qalması ilə bağlı Yeniavaz.com-a açıqlama verərkən səsləndirib. O bildirir ki, uşaq evində onun övladına təzyiqlər göstərildiyi üçün bu Mirəlinin dərslərinə də təsir edir:

“Mirəli 3-cü sinifdə oxuyan zaman orada iki qardaş var idi. Böyük siniflərdə təhsil alırdılar. O iki qardaş Mirəlini dəfələrlə döyüblər. Buna direktor şərait yaradırdı. O, 11-ci sinif uşağını gətirib balacaların arasına salmışdı. Onlar da uşağı döyürdülər. Həmin uşaqlar bir dəfə də uşaq evinin həyətində məni döydü. Sonra mən polisə şikayət etdim. Polisə şikayət etdiyimə görə artıq uşaq evində mənim övladıma pis münasibət göstərməyə başladılar. Bundan sonra artıq ona fiziki və psixoloji təzyiqlər göstərilməyə başlandı”.

Ə. Quliyeva deyir ki, direktor Sevda Hacıyeva onun övladını təhsil aldığı “Kaspi” liseyindən də çıxartmaq istəyir:

“Mənim övladım Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Kaspi” liseyində təhsil alır. Amma direktor bu ədavətə görə mənim övladımı oradan çıxartmaq istəyir. Mənə deyirlər ki, sənin uşağın tərbiyəsizlik edir. Mən də deyirəm ki, necə olur ki, “Kaspi” liseyində tərbiyəsizlik etmir, oradan heç bir şikayət gəlmir, amma burada tərbiyəsizlik edir? Uşaq evinin rəhbərliyi vəzifələrinə ləkə gəlməsin deyə mənim övladımı cinayətkar, xuliqan, axmaq, adamöldürən kimi qələmə verir”.

Ə. Quliyeva daha bir övladının uşaq evinin sakini olduğunu və onun da orada təzyiqlərə məruz qaldığını, döyüldüyünü iddia edir:

“Mənim balaca övladım da orada həmin uşaq evindədir. İndi onun da gözünün altı qap-qaradır. Orada döyüblər”.

Ə. Quliyeva həmçinin Mirəli Quliyevin uşaq evində təzyiqlərə məruz qalması ilə bağlı özünün çəkdiyi kadrları da redaksiyamıza göndərib. Kadrlarda uşaq evindəki qızların M. Quliyevi təqib etməsi, onu hədələməsi, Ərkinaz Quliyevanın uşaq evinin həyətində qurumun tərbiyəçilərindən biri tərəfindən fiziki təzyiqə məruz qalması müşahidə olunur.

Kadrlardan birində isə tərbiyəçilərdən birinin uşağı döydüyü, M Quliyev tərəfindən lentə alındığını gördükdə isə uşağı qucaqladığı müşahidə olunur. Sözügedən görüntüləri təqdim edirik:

Məsələ ilə bağlı 2 saylı uşaq evinin direktoru Sevda Hacıyeva ilə əlaqə saxladıq. O, bildirib ki, qız uşaqlarının M. Quliyeva təzyiq göstərməsinin səbəbi, uşağın həmin qızlardan birini boğmağa cəhd etməsidir:

"Kadrlarda olan xanım mənim müavinimdir. O qızların Mirəlinin üstünə yüyürməsinin və qışqırmasının səbəbi odur ki, bir neçə gün əvvəl gecə saat 12-də mənə zəng vurdular ki, bəs Mirəlinin tutması tutub, burada bir qızı boğub, biz də “skoru” və polis çağırmışıq. Gəldim gördüm ki, qızı boğub, dırnaqlarının izi qalıb. Polis gəlib hamısını aktlaşdırıb. Nənəni – gecə növbətçisini vurub, burnu gömgöy olub, şişib. Növbətçinin və qızın vurulmasını 33-cü polis bölməsində sənədləşdirib veriblər Suraxanı baş polisinə. Suraxanı baş polisi də ekspertizanın cavabını bütün sənədlərlə birgə göndərib Eldar Əzizova. Mirəlinin psixoloji problemlərinin olmasını təsdiq edən sənədi də göndəriblər. Bildiriblər ki, o uşaq oradan çıxarılmalıdır, çünki boğulma zamanı qız ölə bilərmiş. Həmin günün də səhəri qızlar onun üstünə gedib ki, sən bizim bacımızı niyə o günə qoymusan".

Direktor bildirdi ki, M. Quliyevin psixoloji problemləri var və bu haqda Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov sənəd imzalayıb:

"O uşağın psixoloji problemləri var. Bununla bağlı, bizdə də, Eldar Yunusovda da,( Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi) uşağın anasında da bu diaqnozu təsdiq edən sənəd var. Əslində o uşaq kollektiv içində yaşamamalıdır. O sənəddə də bildirilir ki, uşaq 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməlidir. Anası da deyir ki, guya o sənəd saxtadı və mən hazırlamışam. Deyirəm ki, o sənəd Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən verilib, mən necə belə bir şey edə bilərəm. Bu uşaq tutması tutan zaman bıçaqla bütün qapıları deşik-deşik edib. O, həmin bıçaqla kiməsə xəsarət də yetirə bilərdi. Bıçağı isə yeməkxananın pəncərəsindən əlini uzadıb götürüb".

S. Hacıyeva Ərkinaz Quliyevanın və uşaq evinin balaca sakininin döyülməsi ilə bağlı görüntülərə isə belə cavab verib:

"Uşağın anasının bizim tərbiyəçilərlə dalaşması isə belə olub ki, həmin o xanıma görə mənim üstümə “skoru” gəlmişdi. Həyətdə də kimsə deyib ki, Sevda müəllimə infarkt keçirib. Ona görə də müəllimlər əsəblərini cilovlaya bilməyiblər. Digər bir kadrda isə uşağı vuran müəllim Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq uşaq evindən uzaqlaşdırılıb. Mirəlinin anası bu görüntüləri 33-cü polis bölməsinə və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi Eldar Yunusova da təqdim edib. Eldar müəllim də həmin uşağı vuran müəllimi videolarla tanış olduqdan sonra işdən çıxarıb". 

S. Hacıyeva Ə. Quliyevanın məktəbin həyətində iki qardaş tərəfindən döyülməsi ilə bağlı iddialarının da yalan olduğunu deyib:

“Həmin o qardaşlardan biri İdman Akademiyasında oxuyur, məşhur idmançıdır. İkisi də Bakı Şəhər İcra Hakimiyyətində işləyir. Orada işləyən adam necə belə bir tərbiyənin sahibi ola bilər”.

Ə. Quliyeva deyir ki, uşağı psixi problemlərinin olması ilə bağlı sənəd saxtadır və Sevda Hacıyeva tərəfindən çıxartdırılıb.

Sözügedən sənədi verən Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov isə bildirdi ki, Sevda Hacıyevanı tanımır və altında onun imzası olan sənəd saxta ola bilməz.

Qeyd edək ki, artıq Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məsələ ilə bağlı açıqlama verilib.

Qurumlardan "Yeni Sabah"a daxil olan məlumatda deyilir:

"Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanmışdır. Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları  və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.

Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş vermişdir. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunmuşdur".