2 milyonluq dələduzluqda ittiham edilən qadın hakim qarşısına çıxarılıb

Baxış sayı:
10426

Bakıda sahibkarın 2 milyon manatını ələ keçirməkdə təqsirləndirilən qadın hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə ittiham edilən 1970-ci il təvəllüdlü Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, G.Əliyeva barəsində 10 dekabr 2018-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, sahibkar Nəcəf Nəsirliyə qarşı dələduzluqda ittiham edilir.

Məlumata görə, Gülarə Əliyeva uzun müddət axtarışda olub. O, istintaqdan yayınsa da sonradan həbs edilib. Təqsirləndirilən Gülarə Əliyeva özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib.

Qadın aralarında yaranmış etibardan istifadə edərək Nəcəf Nəsirliyə qarşı dələduzluq edib. Ondan qızıl alveri etmək adı ilə pul alıb. Qadın sahibkarın ona olan inamından sui-istifadə edərək, onun külli miqdarda əmlakını ələ keçirib. 

Məlumata görə, Gülarə Əliyeva Bakıda bir neçə qızıl mağazasının olduğunu deyib. Hətta Nəcəf Nəsirlini inandırmaq üçün ona bir neçə mağaza göstərərək həmin mağazaların sahibi olduğunu deyib. Amma Nəcəf Nəsirli aldadıldığını başa düşdükdən sonra məlum olub ki, Gülarə Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb. Həmçinin həmin mağazalar Gülarə Əliyevaya məxsus deyilmiş. O, iş adamına söyləyib ki, hər kəs onu "Gülü" ləqəbi ilə tanıyır.

Hazırda Gülarə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.