2 kq heroinlə TUTULDU - BAKIDA

O, narkotik vasitəni İran vətəndaşından alıb
 
Narkotik vasitələrin alqı-satqısı və dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi (RPİ) 10-cu Polis Bölməsinə (PB) Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Füzuli Hüseynovda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Lökbatan qəsəbəsi ərazisində saxlanılıb və onun üzərinə baxış zamanı 52,065 qram heroin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq bölmə əməkdaşları tərəfindən F.Hüseynovun yaşadığı evə baxış keçirilib və oradan əlavə olaraq 1 kiloqram 165 qram heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsi zamanı külli miqdarda narkotik vasitəni Lənkəran rayonunda tanış olduğu İran İslam Respublikasının vətəndaşından 4000 manata aldığını bildirib.
Faktla bağlı 10-cu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-axtarış tədbirləri və araşdırmalar davam etdirilir.