19 oktyabr mitinqini Rusiya təşkil edib? – DEPUTATLARDAN ZİDDİYYƏTLİ AÇIQLAMALAR

Baxış sayı:
6526

Araz Əlizadə: “Düşünmürəm ki, Rusiya Azərbaycanda çaxnaşma yaratmaq istəyir"

Asim Mollazadə: "Bu olaylarda Rusiya izi olduğu istisna deyil"

Milli Şuranın 19 oktyabrda keçirdiyi icazəsiz aksiyaya rəylər gəlməkdə davam edir. Burada Qərb dairələrinin, Rusiyanın, eləcə də ölkə daxilində müəyyən qüvvələrin rolunun olduğunu düşünənlər var.
“Yeni Müsavat”a açıqlama verən ASDP rəhbəri, deputat Araz Əlizadə Rusiya barədə deyilənləri qəbul etmir: “Düşünmürəm ki, Rusiya Azərbaycanda çaxnaşma yaratmaq istəyir. Çünki Rusiyanın ölkəmizdə maraqları onsuz da təmin olunur. Milli Şuranın fəaliyyəti çox səviyyəsiz bir fəaliyyətdir. Bu fəaliyyət insanları zərbə altına qoymaqdan başqa bir şey deyil. 
Zorakılıqla bağlı iddialara gəlincə, səhərdən  axşama telekanallar göstərir, Paris və Barselonada baş verənlərə diqqət edin. Amerika və Almaniyanın özündə də belədir. Orada insanlarla dəhşətli dərəcədə qəddar davranırlar. Düşünürəm ki, bu proseslərin arxasında daha çox pul hərisliyi dayanır”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə Qərb barədə deyilənlərlə razılaşmır: “Düşünmürəm ki, bu, Qərbin əli ilə həyata keçirilən bir hadisədir. Burada mənə elə gəlir ki, daha çox ölkədəki dəyişikliklərdən qorxan qüvvələrin rolu var. Bu prosesin arxasında istisna deyil ki, hansısa daxili qüvvələr durur. Keçmiş və indiki bəzi məmurların bu proseslərdə rollarının olduğu daha real görünür. Qərbin bu proseslərə insan hüquqları kontekstindən yanaşdığını istisna etmirəm. Hazırda bu tipli hadisələr Avropada acınacaqlı formada baş verdiyi üçün Azərbaycana qarşı çətin ki,   istifadə edə bilərlər. Orada hüquq-mühafizə orqanları çox kobud formada insan hüquqlarını pozurlar. Düşünürəm ki, Qərbin başı özünə qarışdığına görə Azərbaycanla bağlı onların planlarını görmürəm”.

Deputat bu olaylarda Rusiya izinin olduğunu istisna etmir: “Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin burada rolu ola bilər. Müstəqil Azərbaycan və onun həyata keçirdiyi strategiya bir sıra qüvvələrin, eləcə də keçmiş SSRİ-nin bərpasını, yaxud da islam inqilabının ixracını istəyənlərin təsirləri mümkündür”.

Muxalifet.az