19 adda dini kitabın Azərbaycana gətirilməsinin qarşısı alınıb

Baxış sayı:
2911

“Bu ilin yanvar-iyun aylarında 483 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.
Onun sözlərinə görə, ötən il ərzində ümumilikdə dinşünaslıq ekspertizasına daxil olan 1 540 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Şöbə müdiri əlavə edib ki, keçən il ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb: “Bu il isə ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 104 adda dini ədəbiyyata baxılıb, onlardan 22-nin çapı məqsədəuyğun sayılmayıb”.
Dövlət Komitəsinin rəsmisi qeyd edib ki, ötən il 613 adda (754 561ədəd ), bu ilin yanvar -iyun aylarında 171 adda (253010 ədəd) dini ədəbiyyata nəzarət markası verilib.