16 yaşlı şəhidin yaxınları 11 min manat ala bilmir - ANASI NARAZIDIR - VİDEO

Baxış sayı:
3424

Şəhid anası Şöhrət Paşayeva 11 min manat bidəfəlik müavinət ala bilmir.
Muxalifet.az unikal.org-a istinadən bildirir ki, şəhid anası bunu onlara qarşı ayrı-seçkilik kimi dəyərləndirir: 
"Oğlum Niyazi Paşayev 1992-ci ildə 16 yaşında könüllü olaraq cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Orta məktəbdə oxuyarkən oğlum dözə bilmədi ki, vətənimizin bu günündə getməli, döyüşlərdə iştirak etməliyəm. Niyazi döyüş vaxtı cəbhədə yaralanmış əsgər yoldaşına kömək edərkən düşmən gülləsinə tuş gələrək şəhid olub. Oğlumun şəhid statusu var. Mən bu zamana kimi şəhidlər üçün nəzərdə tutulan bütün imtiyazlardan yararlanmışam. Ancaq oğlum şəhid olarkən 18 yaşı tamam olmadığı üçün hərbi qulluqçu sayılmır. Bərdə rayon Səfərbərlik və Çağırış şöbəsi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Bildirilib ki, fərmanda olan bəndlərdə sizin kateqoriyada olan ailələr nəzərdə tutulmayıb. Buna görə də, prezident fərmanı ilə şəhid ailələrinə verilən 11 min manatlıq müavinət bizim ailəyə şamil olunmur. Mən ölkə başçısından xahiş edirəm ki, mənə kömək etsin. Bizim kateqoriyada olan ailələrə də birdəfəlik müavinət verilsin. Çünki mənim oğlum vətənin azadlığı uğrunda gedən döyüşlərdə həlak olub".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətindən unikal.org-a verilən məlumata görə, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik kompensasiya verilir. Şöhrət Paşayevanın oğlu hərbi qulluqçu olmadığı üçün vərəsə kimi o birdəfəlik kompensasiya ala bilməz.