16 yaşlı gəlinin qətli ilə bağlı YENİ DETALLAR - Qatilin müəlliməsi görün nələr danışdı

Baxış sayı:
4558

İman oğlumla bir sinifdə oxuyub, çox sakit uşaq idi.

Muxalifet.az-ın məlumatına görə, bu sözləri 16 yaşlı həyat yoldaşı Fatimə Qəmbərovanı öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü İman Məmmədovun oxuduğu Sığıncaq kənd orta məktəbində müəllimə işləyən İhamə Əsgərova Axar.az-a açıqlamasında deyib. O, ibtidai sinifdə dərs dediyi İman Məmmədovun belə bir qətli törədən biləcəyini ağlına gətirmədiyini bildirib:

"Bu hadisə necə oldu, anlaya bilmirik. İman çox sakit və tərbiyəli uşaq idi. Gözündə problem var idi, zəif görürdü. Hamı onu uşaq gözündə baxırdı. O, evlənəndə hətta hamı İmanın ailəsini qınamışdı".

İ.Əsgərova Fatimə ilə İmanın 3 il nişanlı qaldıqlarını söyləyib:

"Aralarında söz-söhbət olması ilə bağlı bir xəbər çıxmamışdı. Amma bu hadisədə günahkar valideynlərdir. Çünki oğlanın yaşı az idi, evlilik üçün hazır deyil idi".

Fatimənin xəstə olduğunu iddialarını isə Fatimə Qəmbərovanın yaşadığı Həsənli kəndində nənəsinin qonşuluğunda yaşayan adının çəkilməsini istəməyən qadın təkzib edib.

O bildirib ki, Fatimədə heç bir xəstəlik olmayıb.

“Fatimə gözümüzün qabağında böyüyən uşaqdır. Onda heç bir xəstəlik olmayıb, onlar öz cinayətlərini gizlətmək üçün qıza belə şər atırlar. Onlar 3 ilə yaxındır ki, nişanlı idilər. Necə olub ki, bu günə qədər xəstə olduğunu bilməyiblər?”.

Onun sözlərinə görə, Fatimə İmanla ailə qurmağa məcbur edilib:

“Qız toy günü narazı və könülsüz idi. Hiss olunurdu ki, o oğlana getmək istəmir. Uşaq idi, səsini çıxara bilmirdi. Bildiyimizə görə də Fatiməni İmana nənəsi verib. O vaxtı deyirdilər ki, Fatiməni nənəsi xəstə bir oğlana verib. Biz hamımız nənəni qınasaq da, heç bir xeyri olmadı”.

Qeyd edək ki, İman Məmmədovun həddən artıq zəif, cəmi 40 kq çəkidə və boyca balaca olması səbəbindən hərbi xidmətə aparılmadığı bildirilir. Yayılan toy videosunda da onun hələ tam yetkinləşmədiyi görünür.

Qeyd edək ki, Masallıda iki həftə əvvəl toyu olan 16 yaşlı Fatimə Qəmbərova 2001-ci il təvəllüdlü əri İman Məmmədov tərəfindən öldürülüb.