15 İYUN AZƏRBAYCANDA "QURTULUŞ GÜNÜ"DÜR? - Cahandar Bayoğlu: "15 iyun vətən xainlərindən qurtulmağın başlanğıc günüydü"

Baxış sayı:
3850

Əbülfəz Elçibəy: "Bu gün Azərbaycanın sonuncu, bəlkə də sonuncudan əvvəlki qaranlıqdan keçdiyi gündür” 

15 iyun Azərbaycanda bir dövrün sonu, başqa bir dövrün başlanğıcıdır. Biz 15 iyuna gedən yoldan daha çox danışmalıyıq. Baş verənlərin fərqində olaq ki, doğru qərar verək.
Bundan öncə, 4 iyun hərbi qiyamına qədər Azərbaycanı parçalamaq istəyən, vətəndaş müharibəsinə sürükləyən oyun qurucularından və oyuncaqlardan yazılar yazdıq, fikirlərimizi siznlə bölüşdük və bölüşəcəyik. Yazılacaqlar, deyiləcəklər hələ çoxdu, çünki o dövrün günahkarları, macəraçı siyasətçiləri, hələ də meydandadı, hələ də qafa qarışdırırlar. Gerçəklər aydınlanmadıqca, bu adamlar meydanda olacaq, qafa qarışdıracaq.

Öncə onu qeyd edək ki, Prezident Elçibeyi heç kim aldatmayıb. Onu da bilməliyik ki, Heydər Əliyev hakimiyyətə gəlmək üçün heç kimin oyununu oynamayıb və heç bir qiyamçıyla işbirliyinə girməyib. Əgər belə olmasaydı, Heydər Əliyevə düşmən olan Rəhim Qazıyev bu haqda bildiklərini çoxdan danışmışdı... 
1994-cü ildə Heydər Əliyevə də üsyan qaldıran vətən xaini Sürət Hüseynov arxalandığı ölkədən H.Əliyevlə olan işbirliyindən danışıb, ifşa etmişdi. Eləcə də vətən xaini Əlikram Hümbətov kimiləri. Demək ki, Heydər Əliyev hərbi qiyamda Moskva kimi düşmən güclərin yanında və içində olmayıb. Sorumluluq hərbi qiyamın təşkilatçılarının və qiyamın yatırılmasında görəvlərini icra etməyənlərin üzərindədir. 
Mən qiyamın yatırılmasında üzərlərinə böyük görəv düşənlərin bir qisminin bilgisizlikdən, təcrübəsizlikdən yanlış addım atdığını düşünsəm də, bir qismi bunu düşünərək edib, ya da kimlərinsə təsirində olub, pozuculuq edib, yaxud hərəkətsiz qalıb. Qiyamçıların və qiyama qarşı görünənlərin böyüklərinin bir məqsədi olub, Prezident olmaq. Bu zavallılar bilməliydi ki, Moskva onun kimi 10-a yaxın adama Prezidentlik söz verib. Bunlar anlamalıydı ki, Moskva bu vəzifəyə ancaq birini gətirəcək, qalanları ya onun yanında, ya da heç kim olacaq. 
"Bəs, bu zavallılar Moskvanın verəcəyi “prezidentliyə” niyə inanırdı" - sualı hər kəsə maraqlıdı. Bunlar ya o qədər sadiq quldular ki, hər əmri icra etməyə hazırdırlar, ya da ağıldan başqa her şeyə sahibdirlər. Hər iki halda Azərbaycan üçün yararsızdırlar, xaindirlər.
Məncə, hakimiyətdə olanların bir çoxu məsuliyyətini dərk etməyib, kimlərinsə ağlının qulu olublar. Belə olmasaydı, dönəmin istihbarat başqanının birinci müavini yüksək dövlət görəvlilərini ajanlıqda ittiham etməz, onlar da onun qarşısında susmazdı. Bu, həm də o deməkdir ki, o dövr Prezident komandası olmayıb, hökümət də milli olmayıb. Hamının hədəfində milli lider Prezident Elçibəy olub. "Elçibəy prezidentliyi sahibinə ötürərək, Moskvanın istəyini gerçəkləşdirdi", - deyən dönəmin MTN rəhbərinin birinci müavininə bir daha demək istəyirəm ki, “Hərbi qiyamı törədənlər və guya, bunun qarşısında duran sizlər Heydər Əliyevlə hansısa işbirliyində olduğunuzu deyə bilərsinizmi"? Təbii ki, yox. Əksinə, qiyamçıların, qiyama qarşı olmağa borclu olanların, müxalifət olanların, pozucu ünsürlərin demək olar çoxu Heydər Əliyevlə işbirliyinə girməyə cəhd edib, onun Bakıya gəlməyini istəyib ki, çirkli niyyətlərində ondan yararlansınlar. O da heç kimi eşitməyib. 
Durumun çox kritik olduğunu görən Prezident Elçibəy Heydər Əliyevi dəvət edəndə, yalnız Bakıya gəlməyə qərar verib. Bu haqda basında açıqlamaları var.
Heydər Əliyev Bakıya gəldiyində, ən böyük üstünlüyü xalqın ona olan inamı və reytinqdə çoxluğun dəstəyini almasıydı. Məhz bu gücün qarşısında hər kəs Heydər Əliyevlə razılaşmalı olurdu. Danışıqlar prosesində Elçibəylə Heydər Əliyevi üz-üzə qoyub, yararlanmaq istəyənlər də az deyildi. Təbii ki, bu olmadı. Siyasi prosesler Heydər Əliyevin Məclis sədrliyinə seçilməsinə doğru gedirdi. Bunu Prezident Elçibəydən, Aydınlardan və Heydər Əliyevə bağlı olanlardan başqa heç kim istəmirdi(sonrakı dövrdə yanına aldıqlarının böyük əksəriyyəti).

15 iyunda Milli Məclisə sədr seçkisində, dönəmin qəhrəmanları səs vermək istəmir, oyun pozanlıq edirdi. Prezidentin Məclis üzvlərinə səslənərək, "Bəylər, xahiş edirəm, Heydər bəyə ses verin”, - deyərək oyunçuların oyununu pozması hər kəsin yadındadır. Bəli, 15 iyunda Elçibəyin təkidi ilə Heydər Əliyev Milli Məclisə sədr seçildi.
O gündən sonra qiyamçıların bir qismini yanına alan Heydər Əliyev bir çoxlarını anında, Sürət Hüseynov kimilərini də zamanla zərərsizləşdirdi. Böyük bir qismi də yanına sığınaraq, bu günlərə qədər təhlükə mənbəyi olmağı bacardı. Bu da, görünür, zamanla çözülmək üçün imiş.
15 iyun gerçəkdən “Qurtuluş günü"dür. Bu qurtuluş indiki hakimiyətdə gizlənən kripto və açıq düşmənlərin dediyi kimi, Elçibəydən, milli iradədən, təbirləri ilə desək, bəylərdən qurtulmaq deyildi. Qurtuluş günü Azərbaycanı hərbi qiyama, vətəndaş müharibəsinə sürükləyən vətən xainlərindən qurtulmağın başlanğıc günüydü. Bu gün Elçibəyin yanında yer alan milli görünən, Heydər Əliyevin yanında gizlənən millət, dövlət xainlərindən, bağımsızlığımıza qarşı qəsd duruşunda olan güclərdən qurtulmağımızın günüdür.
15 iyun günü Milli Məclisə sədr seçkisindən sonra, Prezident Aparatının qarşısında olan mitinqdə Elçibəyin "Bəylər, bu gün Azərbaycanın sonuncu (pauza), bəlkə də sonuncudan əvvəlki qaranlıqdan keçdiyi gündür”, - dediyi çıxışı yadıma düşür.
Cahgandar BAYOĞLU
P.S. Sonralar nə baş verdi, yazılarımın davamında.