​130 qonağa 250 araq: toydakı qətlin TƏFƏRRÜATLARI...

Toyda yeyib-içdiyi tanışını qətlə yetirməkdə təqdirləndirilən şəxsin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə iclasına hakim Azər Paşayev sədrlik edib. Məhkəmədə təqdirləndirilən şəxs Ramik Aydabəyovun anası ifadə verib.
O, deyib ki, oğlu və mərhum toy məclisindən sonra içkili olublar: "Oğlumla ayrı evlərdə yaşayırdıq. Gəlinim məni çağırdı. Gördüm ki, ağlayır. Gələndə gördüm ki, oğlum da ağlayır. Peşman olduğunu deyirdi. Soruşdum ki, axı nə olub? Dedi, ana bilərəkdən eləməmişəm, Allaha dua edirəm ki, İlqara heç nə olmasın. Mənə dedi ki, sən də dua elə. Dedim axı nə olub? Dedi ki, məclisdə İlqar ona elə söyüşlər söyüb ki, özünü saxlaya bilməyib. Namusuna toxunan sözlər dediyi üçün onu vurduğunu bildirdi".
Təqdirləndirilən şəxsin anası deyib ki, hadisədən ailəlikcə peşman olublar: "Nə oğlum, nə də biz istəməzdik ki, İlqarın uşaqları yetim qalsın. İkisi də içib. Əgər içməsəydilər, belə hadisə baş verməzdi. Oğlum dedi ki, polisə təslim olmağa gedir. Maşın gözləyirdi. Amma polislər ondan əvvəl gəldi. Oğlum ağlayırdı ki, İlqara heç nə olmasın, nə olsa, etməyə hazırdır".
Məhkəmədə şahid qismində mərhumun dayısı oğlu Rahil Məlikov da ifadə verib. O, deyib ki, toy məclisi başa çatandan sonra mağara gedərək qalan qonaqlarla maraqlanıb. Hadisə baş verən vaxt orada olmadığını deyən şahid polislərin gəlişindən sonra məlumat tutduğunu qeyd edib.
Sualları cavablandıran R.Məlikovun toy sahibi olduğu və məclisə dəvət olunan 130 qonağa 250 araq aldığı məlum olub.
Şahid qismində təqsirləndirilən şəxsin xanımı Svetlana Aydəbəyova da dindirilib. O, deyib ki, əri evə gəldikdən sonra hadisənin baş verməsini ona danışıb. Şahidin dediyinə görə, toy məclisindən sonra əri ilə mərhum arasında mübahisə olub.
"Ramik dedi ki, İlqar ona deyib ki, pulun yoxdusa, o biri şey də yoxdur, demək. Bununla da mübahisə başlayıb. Ramik evə gələndə əlləri qanlı idi" - deyən şahid hadisənin baş vermə səbəbi kimi pul üstündə başlayan mübahisəni göstərib.
Məhkəmədə sualları cavablandıran Svetlana Aydəbəyova ərinin onu döyməsi ilə bağlı deyilənlərin yalan olduğunu söyləyib. Qeyd edək ki, təqsirləndirilən şəxsin xanımını tez-tez döyməsi ilə bağlı şahidlərin ifadələri var.
Təqsirləndirilən şəxsin atası Adil Aydəbəyov da məhkəmədə ifadə verib. O, mərhumun ailəsi ilə barışıq əldə etmək istədiklərini, hadisədən çox peşman olduqlarını söyləyib: "Yasda kömək etmək istəyirdim. Bundan sonra da kömək etmək istəyirəm. İstəmirəm ki, uşaqlar arasında küslük, düşmənçilik qalsın. Qohumuq, qonşuyuq. Hamısı bir gündə batıb getdi".
Qətl hadisəsinin pul üstündə olması haqda danışan Adil Aydəbəyov bu haqda dəqiq məlumatının olmadığını söyləyib. İstintaqa ifadə verən təqsirləndirilən şəxs R.Aydəbəyov mərhuma pul borclu olduğunu və ona görə mübahisə etdiklərini deyib.
Hadisə bu il Qusarın Xürel kəndində keçirilən toy məclisində baş verib. 46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov 35 yaşlı həmkəndlisi Ramik Adil oğlu Aydabəyovla yeyib-içiblər. Daha sonra onların arasında mübahisə düşüb. Ramik Aydabəyov masanın üzərindəki butulkanı əvvəlcə sındırıb, sonra isə arxası ilə İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib. İ.Ulubəyov şah damarından kəsilmiş yara alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda qanitirmədən ölüb. Ramik Aydabəyov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.