​ 13 saylı Cəzaçəkmə Müəssisəsinə su verilirmi? - VİCDAN MƏHBUSUNUN ANASINDAN ŞİKAYƏT

Su təchizatı ilə bağlı məsələni İlkin Rüstəmzadənin anası Atlas Hüseynova qaldıırıb
 
Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində su təchizatı ilə bağlı problemlərin olduğu barədə məlumatları təkzib edir.
Məsələni diqqət mərkəzinə çəkən məhbus İlkin Rüstəmzadənin anası olub. O, iyunun 7-də müəssisəsənin 3 gün susuz qaldığını bildirib.
Cümə günü BBC Azərbaycancaya danışan Atlas Hüseynova təchizatın bərpa olunduğunu desə də, zəif təzyiqə görə su çatışmazlığı yarandığını da qeyd edib.

"Dünəndən verilib su. Fasilələrlə gəlir. Amma təzyiq yoxdur. Təzyiqsiz özü gəlir".
Antisanitariya
Atlas Hüseynova, buna görə məhbusların vaxtında çimə bilmədiyini, ayaqyoluna növbə ilə getdiyini və antisanitariyanın yarandığını bildirir.
"Hamam həftədə bir dəfə, bu yayın günündə, istidə. Üfunətdir, iyindən baraka girmək olmur."
İddiaları şərh edən Penitensiar Xidmətin (PX) nümayəndəsi 3 gün əvvəl qısa müddətli problemin müşahidə olunduğunu etiraf etsə də, hazırda suyun adi qaydada verildiyini deyir.
"3 gün bundan qabaq olan məsələdir. İki saatlıq profilaktika işləri aparılıb. Amma su kəsilməyib. Sadəcə olaraq təzyiq aşağı düşüb. İndi təchizat bərpa olunub", - PX mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə su "tam kəsilsə belə" problem yaranmamalıdır. Çünki, "müəssisədə iri su çənləri var ki, ehtiyacları təmin edə bilər".
Mehman Sadıqov antisanitariya barədə iddiaları da qəbul etmir.
"Antisanitariyadan söhbət gedə bilməz. Təmizliyə gecə-gündüz məhkumlar riayət edir. Onlar süpürür və yuyurlar. Bizim əməkdaşlarımız da məhbuslar tərəfindən təmizliyə riayət olunmasını gözləyirlər".
Bu arada Atlas Hüseynova deyir ki, məsələni internetdə paylaşdıqdan sonra hamı bir-birini təqsirləndirir.
Borclar
"İnternetdə paylaşdıq. Hərəsi bir-birinin boynuna atır. Onlar deyirlər Azərsu vermir. Azərsu isə deyir ki, ədliyyə ödəmir. İndi isə deyirlər ki, limit ayrılıb. Ona görə müəyyən günlərdə su "naporsuz verilir".
Hərçənd ki, Azərsu ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri ödənişlərlə bağlı hazırda heç bir problemin olmadığını deyir.
"Heç bir problem yoxdur. Borc problemi əvvələr olmuşdu, lakin o çoxdan həllini tapdı", - Anar Cəbrayıllı BBC Azərbaycancaya bildirib.
Azərsu nümayəndəsi müəssisəyə suyun adi rejimdə verildiyini bildirib.
"Onlar suyu əvvəl aldığı rejimdə alır", o deyir.
Məişət problemlərilə bağlı 13 saylı çəzaçəkmə müəssisəsinin adı əvvəl də hallandırılıb.
2016-cı ilin əvvəlində burada cəza çəkən məhkumlar istilik sistemi ilə bağlı "problemlərin yaşandığını" bildiriblər.
O vaxt məhbusların yaxınları müəssisəyə isti geyim apardıqlarını deyirdilər. Penitensiar Xidmət isə, belə problemlərin mövcudluğunu təkzib etmişdi.