​121 dövlət əmlakı hərraca çıxarılıb

Baxış sayı:
5182

Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 10-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.
Komitədən  verilən məlumata görə, hərraca 121 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 56-sı qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 15-i xidmət, 6-sı kənd təsərrüfatı, 4-ü sənaye, 6-sı iaşə, 6-sı təmir sahələrinə aiddir.
Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Gəncə şəhərində yerləşir. Şəhərin mərkəzində Yeni Gəncə qəsəbəsi, Heydər Əliyev adına parkın ərazisində olan 69 saylı ictimai iaşə sahibi üçün qazanc mənbəyi ola bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 164,2 kv.m-dir. Həmin obyekt investorlar üçün iaşə sahəsində əlverişlidir. Bundan başqa, xidmət sahəsində də investorları cəlb edəcək əlverişli əmlaklar var. İmişli rayonunda yerləşən 5 saylı mağaza belə obyektlərdəndir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 580 kv.m-ə yaxın, torpaq sahəsi isə 1000 kv.m-dən çoxdur. Həmin obyektin torpaq sahəsi ilə birgə özəlləşməsi isə rentabelliyi daha da artırır.
Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Daşkəsən ərazi yun qəbulu və tədarükü məntəqəsi də belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 950 kv.m, torpaq sahəsi isə 300 kv.m-ə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi iqtisadi potensialı artıran səbəblərdəndir. Bu obyekt səmərəli işləyəcəyi təqdirdə geyim istehsalı üçün xammal mənbəyinə çevrilə bilər.
Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Şirvan rayonunda yerləşən Yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 200 kv.m, torpaq sahəsi isə 150 min kv.m-ə yaxındır. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsinin də kifayət qədər geniş olması həyata keçiriləcək fəaliyyətin effektivliyini artıracaq. Aprelin 10-da keçiriləcək hərracda investorlar üçün maraqlı ola biləcək digər bir məqam klub və mədəniyyət evinin özəlləşdirilməyə çıxarılmasıdır. Qusar rayonunda yerləşən Xürel kənd klubunun ilkin start qiyməti münasib olmaqla investorları özünə cəlb edə bilər. Adı çəkilən əmlakın özəlləşməsinə qoşulmaq üçün öncədən həmin obyektin ilkin start qiymətinin 10%-i, başqa sözlə 1150 manat dəyərində məbləğ beh olaraq ödənilməlidir.