"11 manatı alıb, 2 manatı isə yol pulu üçün geri qaytarıb" - Soyğunçuluqda suçlanan 22 yaşlı gəncin məhkəməsi

Baxış sayı:
2023

Soyğunçuluqda ittiham edilən gənc hakim qarşısına çıxarılıb. Onun cinayəti hazırda mühakimə olunduğu məhkəmənin qarşısında törətdiyi bildirilir.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətıər Məhkəməsində soyğunçuluqda ittiham edilən 1997-ci il təvəllüdlü Səid Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında hadisənin əsas şahidi hesab edilən Qılman Abbasov dindirilib.
Qılman həbs edilən Səidin dostu, sinif yoldaşıdır. İttihama görə, hadisə baş verən zaman hər iki dost birlikdə olub.
İttihamda yazılır ki, Səid Vəliyev Nəsimi rayonunda, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tanımadığı İlkin Abdullayev adlı şəxsə yaxınlaşaraq pul istəyib.
Borcunun olduğunu deyən Səid İlkindən ona pul verməsini tələb edib. İlkin isə qorxaraq cibində olan 11 manatı Səidə verib.
İttihamda o da göstərilir ki, Səid aldığı 11 manatdan ikisini İlkinə geri qaytarıb ki, yol pulu etsin. Bundan sonra Səid polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onun yanında dostu Qılmanın da olduğu bildirilir. Amma Qılman bunu inkar edir.
Qılman Abbasov məhkəmədəki ifadəsində deyib ki, Səiddən əvvəl onu saxlayıblar: "Məndən Səidin yerini soruşdular. Dedim ki, bilmirəm. Sonra bu hadisəyə görə axtardıqlarını dedilər. İdarədə rəisin yanına aparanda İlkini də gətirmişdilər. İlkindən soruşdular ki, məndən şikayərçidirmi? O da "yox" dedi. Rəis də dedi ki, məni buraxsınlar. Mənə çıxanda bir sənəd verdilər ki, imzalayım. Mən də imzalayıb çıxdım".
Amma məhkəmə xatırladıb ki, Qılman istintaqdakı ifadəsində Səidin cinayət törətdiyini gördüyünü və hətta onu bu əməlindən çəkindirməyə çalışdığını deyib. Qılman həmin ifadəsində söyləyib ki, İlkinə bu hərəkətin düzgün olmadığını, pulu geri qaytarmasını da deyib, amma dostu onu dinləməyib. Qılman bu ifadəni təsdiqləməyib.
Dövlət ittihamçısı ifadələr arasında ziddiyyət olduğu üçün müstəntiqin və zərərçəkmişin məhkəməyə çağırılmasını istəyib. Prokuror hər üç şəxsin çarpaz dindirilməsinə ehtiyac olduğunu bildirib. Hakim növbəti prosesə hər üç şəxsin gətirilməsini istəyib.
Məhkəmə prosesi aprelin 2-də davam etdiriləcək.
Qeyd edək ki, S.Vəliyev Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilir.