10 min dollardan çox olan problemli kreditlər nəzərə alınmalıdırmı? - EKSPERTLƏR FƏRQLİ DÜŞÜNÜR

Baxış sayı:
17227

Prezident İlham Əliyevin cümə axşamı günü fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həllilə bağlı verdiyi fərman birmənalı qəbul edilməyib. Fərmana görə, 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödəniləcək. Bəs 10 min dollardan çox krediti olan vətəndaşlar nəzərə alınmalıdırmı? İqtisadçı Nazim Baydəmirli bu fərmanı müsbət qəbul etsə də, onu "gecikmiş fərman" adlandırır, lakin əlavə edir ki, fərmanın icrası dövlət büdcəsinin yox, Mərkəzi Bankın rezervləri hesabına aparılmalı idi. Millət vəkili Vahid Əhmədov deyir ki, "10 min dollardan çox olan kreditlər haqqında isə müzakirə getmir". İqtisadçı Əkrəm Həsənov qeyd edir ki, 10 min dollardan çox kredit götürən vətəndaşlar bu məsələni məhkəmədə mübahisələndirə bilməzlər, çünki, Konstitusiya məhkəməsinin 2015 və 2018-ci ildəki qərarları hələ də qüvvədədir. "10 min dollardan çox olan kreditlər haqqında müzakirə getmir" Millət vəkili Vahid Əhmədov BBC News Azərbaycancaya deyib ki, "bu, sosial layihədir, buna görə də ancaq 10 min dollara qədər olan problemli kreditlər nəzərdə tutulur, 10 min dollardan çox olan kreditlər haqqında isə müzakirə getmir". "Bu gün problemli kreditləri olan əhalinin 90-95 faizinin borcu 10 min dollara qədərdir. Kimsə yüz min dollar kredit götürübsə, buna aid edilə bilməz, 10 min dollara qədər krediti olanlar isə sosial vəziyyəti zəif olan və buna ehtiyacı olan insanlardır". Cənab Əhmədov söyləyir ki, deputatlar problemli kreditlərin həlli ilə bağlı çoxlu təkliflər veriblər və prezidentin fərmanında bu təkliflərin əksəriyyəti nəzərə alınıb. "Əvvəl fikirləşirdik ki, bu, məsələ 400 minə yaxın adamı əhatə edəcək, sonradan məlum oldu ki, bu say 800 mindən çoxdur. Ödənişlər üçün 1 milyard manat vəsait tələb olunacaq. Bu, ilkin hesablamalardır və ola bilsin ki, rəqəmlər artsın", - o deyib. "Camaata krediti 15-16 faizlə versinlər, 24-25 faizlə yox" Millət vəkili qeyd edib ki, fərmanın iki əsas məqsədi var ki, bunlar da əhalinin kredit problemini həll etmək və bankların kapitallaşması üçün şərait yaratmaqdır. "Banklar başa düşməlidirlər ki, bu şərait ona görə yaradılır ki, bank sistemində sağlamlaşma getsin və banklar kredit faizlərini aşağı salsınlar ki, əhali ödəyə bilsin. Ödəmədikcə həm faizlər artır, həm məbləğ artır, həm də bu, bank sisteminə təsir edir. Əgər bu gün banklar 12 faizlə əmanət qəbul edirlərsə, camaata da krediti 15-16 faizlə versinlər, 24-25 faizlə yox. Bu məsələlər bitəndən sonra banklarda kredit faizləri kəskin aşağı düşməlidir". Qarabağ və 20 yanvarda yaxınlarını itirənlərə güzəşt Vahid Əhmədov əlavə edir ki, bu fərmanın icrasında bir qrup əhaliyə güzəştlərin olması müzakirə edilir. "Problemli kreditlərin həlli məsələsində Qarabağ və 20 yanvar şəhidləri, eləcə də bu qrupdan olan insanların ailələrinə güzəştlərin edilməsi müzakirə edilir", - o söyləyib. "Gecikmiş fərman" İqtisadçı Nazim Baydəmirli bu fərmanı müsbət qəbul etsə də, onu "gecikmiş fərman" adlandırır. BBC News Azərbaycancaya danışan iqtisadçı deyir ki, sözügedən fərman daha əvvəl verilməli idi. "Bu fərmanın əsas müsbət məqamı odur ki, yüz minlərlə vətəndaşın məhkəmələrdə süründürülməsinə son qoyulacaq və məhkəmənin icra orqanlarında olan işlərə xitam veriləcək". "Dövlət büdcəsinin yox, Mərkəzi Bankın rezervləri hesabına aparılmalı idi" Nazim Baydəmirli hesab edir ki, sözügedən fərmanın icrası dövlət büdcəsinin yox, Mərkəzi Bankın rezervləri hesabına aparılmalı idi. "Bir milyarda yaxın büdcə vəsaiti güzəştli şərtlərlə kommersiya banklarına vəsait verərək fiziki şəxslərin götürdüyü qaytarılmayan kreditlərin restruktizasiya olunmasına dövlət büdcəsindən dəstək olunmasını müsbət qarşılasam da, hesab edirəm ki, bu məsələnin kökündə duran əslində Mərkəzi Bankın səhv siyasətindən doğan məsələ idi". Onun sözlərinə görə, "krediti olmayan vətəndaşların dövlət büdcəsinə ödədiyi vəsaiti bu məsələnin həllinə yönəltmək bir mənada ədalətsizlik yaradır". Millət vəkili Vahid Əhmədov deyir ki, "Vəsaitin hardan götürülməsi o qədər əhəmiyyət kəsb etmir, çünki dövlət büdcəsi də, Mərkəzi Bankın ehtiyatları da dövlətindir. Bundan əlavə, ödəniləcək məbləğin bir qismi Mərkəzi Bankın ehtiyat fondundan ödəniləcək". 10 min dollardan çox krediti olanlar "Mərkəzi Bankın nümayəndələrinin dediyinə görə, qaytarılmayan kreditlərin 90-95 faizinə yaxını 10 min dollara qədər olan məbləğlərdədir. Əgər bir sosial addım atılırsa, bütün kreditləri nəzərə almaq olardı, amma devalvasiya nəticəsində təkcə vətəndaşlara deyil, bütövlükdə iqtisadiyyata ciddi ziyan vurulub. Bunun ziyanın aradan qaldırılması yolları bir neçə il əvvəl düşünülməli idi", - Nazim Baydəmirli deyir. Cənab Baydəmirli söyləyir ki, devalvasiyadan sonra təkcə kredit götürən vətəndaşların yox, həm də götürməyənlərin, eləcə də şirkətlərin itkilərini aradan qaldırmaq üçün kompleks addım atılmalıı idi. "Çox təəssüf edirəm ki, kommersiya bankları yüksək faiz dərəcələri ilə kredit verməyə davam edir. Pis vəziyyətə düşmüş vətəndaşları məcbur etdilər, onlar yeni müqavilələr bağladı və daha böyük ziyana düşdülər. Təəssüf edirəm ki, Konstitusiya məhkəməsi də daxil olmaqla məhkəmələr kommersiya banklarının tərəfini tutdu və fors-major hallarını nəzərə almayaraq məsələyə subyektiv yanaşdı. Bununla da məhkəmə qərarı ilə vətəndaşlar və şirkətlər haqsız duruma düşdü. Kreditlərlə bağlı məhkəmələrdə bankların iddiaları əsasında 600 mindən çox mülki işlər var idi". "Qaytarılmayan kreditlərin əsas səbəbi aradan qaldırılmayıb" İqtisadçı düşünür ki, problemli kreditlər məsələsini "daha ağrısız həll etmək olardı və hökumət bundan bir dərs çıxarmalıdır". "Hökumət bu məsələlərdən dərs çıxarmalıdır və kredit faizlərinin kifayət qədər aşağı salınması üçün addımlar atmalıdır, çünki qaytarılmayan kreditlərin əsas səbəbi kredit faizlərinin yüksək olmasıdır və bu, aradan qaldırılmayıb. Bunun kökündə duran isə inhisarçılıq və məmur sahibkarlığıdır. Bu səbəblərdən birinin müvəqqəti yüngülləşdirilməsi ölkənin vəziyyətini heç də yaxşılaşdırmır", - o söyləyib. "Devalvasiya vətəndaşın günahı deyil" İqtisadçı Əkrəm Həsənov deyir ki, bu fərmanla dövlət devalvasiya nəticəsində itkiyə qalmış vətəndaşların bir qisminə kömək edir. Onun sözlərinə görə, bu fərman vətəndaşın devalvasiyadan yaranmış fərqə görə məsuliyyət daşımadığını təsdiqləmir və bunun məsələnin hüquqi mövqesini dəyişmir. "Əgər desək ki, bu, hüququ mövqeni dəyişir, onda fərman hamıya aid edilməli idi. Çünki dollar krediti götürən hər kəs zərər çəkib və devalvasiya vətəndaşın günahı deyil". Cənab Həsənov qeyd edir ki, 10 min dollardan çox kredit götürən vətəndaşlar bu məsələni məhkəmədə mübahisələndirə bilməzlər, çünki, Konstitusiya məhkəməsinin 2015 və 2018-ci ildəki qərarları hələ də qüvvədədir. "O qərarlarda deyilirdi ki, xarici valyutada kredit vermək olar və milli valyutanın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deyil, çünki hamı bunu gözləməli idi. Mən məhkəmənin o qərarları ilə razı deyiləm. Necə gözləyə bilərdilər ki, əgər Mərkəzi Bankın idarə heyətinin rəhbəri devalvasiyadan 2 gün əvvəl çıxışında deyir ki, devalvasiya olmayacaq. Mərkəzi Banka qarşı iddia qaldırmaq perspektivlidir, çünki bank o zaman vətəndaşları aldatdı".