​1 nömrəli narkobaron İŞİD liderini hədələdi: “Bir də mənim malıma əl vursan...”

Dünyanın 1 nömrəli narkobaronu hesab edilən və bir neçə ay əvvəl yeraltı tunellə Meksikanın ən sərt rejimli həbsxanasından qaçan Hoakin Qusman “İslam Dövləti” terrorçu qruplaşmasının lideri, “xəlifə” Əbu Bəkr əl-Bağdadiyə məktub göndərərək ona məxsus narkotik partiyasını məhv etməyə görə hədələyib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Sick Chirpse” adlı internet-portala istinadən Rusiya KİV-ləri yazır.
“Gödəkboy” ləqəbli Hoakin Qusman (El Çapo) yazıb ki, onun narkotiklərini məhv etdiyinə görə “İslam Dövləti”inə divan tutacaq. “Sinaloa” narkokartelinin lideri əl-Bağdadiyə məktubunda terrorçuların onun Yaxın Şərqdəki biznesinə mane olmaq cəhdlərini “ciddi səhv” adlandırıb.
“Gödəkboy” bildirib ki, onun adamları bu hərəkətə görə İŞİD-dən qisas alacaq.
“Əgər bir də bizim əməliyyatlarımıza qarışmağa cəhd etsəniz, sizi məhv edəcəyik”- deyə Hoakin Qusman İŞİD liderinə yazdığı elektron məktubda bildirib.
Hazırda Meksika hakimiyyəti ABŞ xüsusi xidmət orqanlarının da iştirakı ilə bütün ölkə boyu El Çaponu axtarır. Onun narkokarteli ABŞ-da satılan narkotiklərin üçdə birini təmin edir. İŞİD-in El Çaponun kartelinin narkotiklərini nə vaxt məhv etdiyi məlum deyil.