1-ci sinif şagirdini kim döyüb: Müəllim, ana, yoxsa qaydalar? - MƏKTƏBƏ MÜDAXİLƏNİN FƏSADLARI

Baxış sayı:
5374

Bir neçə gün əvvəl 189-190 saylı orta məktəbin birinci sinif şagirdinin müəllim tərəfindən döyüldüyü haqqında xəbər yayılmışdı.
Həmin şagirdin anası Xanım Əliyeva sosial şəbəkədə yaydığı açıqlamada Təhsil Nazirliyinin apardığı araşdırmalardan sonra müəllimin işdən çıxarıldığını bildirmişdi. Buna görə nazirliyə təşəkkür etmişdi.
Məsələ Zaur Baxşəliyevin ATV kanalında aparıcılığını etdiyi “Bizimləsən” verilişində müzakirə edilib. Qonaqlar arasında şagirdin anası da olub.
Uşağı döydüyü iddia olunan Səyyarə adlı müəllim canlı yayıma qoşularaq hadisənin danışıldığı kimi baş vermədiyini, valideyn Xanım Əliyevanın qalmaqallı biri olduğunu, onun uşaqların yanında söyüş söydüyünü bildirib. Daha sonra verilişdə yayımlanan görüntülərdən aydın olub ki, ananın özü qızını məktəbdə müəllimənin yanında və dəhlizdə döyüb. Bu an isə təhsil ocağının kameralarına yansıyıb.
Bu hadisə başqa bir problemin olduğunu da ortaya çıxartdı: Məktəblərlə bağlı baş verən hadisələrdə araşdırılma aparılmadan məktəb və müəllim heyəti qınanılır. Valideynlər də bəzən məktəbin işinə qanundan kənar müdaxilə etməyə çalışır, hətta şər-böhtan atmaqdan belə çəkinmirlər. Valideynlərin məktəblərə bu cür müdaxiləsi nə dərəcədə düzgündür? Bu tip problemlər necə həll edilməlidir?
Publika.az məsələ ilə bağlı təhsil ekspertlərinin fikrini öyrənib.
Təhsil sahəsi üzrə mütəxəssis Kamran Əsədovun fikrincə, müəllimlə şagird arasında baş verən mübahisəli hadisə hələ də müəmma olaraq qalır və bu durumda müəllimin işdən azad edilməsi doğru qərar deyil:
“Təhsil naziri postuna Ceyhun Bayramov təyin ediləndən sonra əvvəlki nazirlər və nazirlik nümayəndələrindən fərqli olaraq, məktəblərdə baş verən hadisələrə operativ müdaxilə etdi. Məsələn, 285 saylı orta məktəbdə xoşagəlməz hadisə baş verdi. Ceyhun Bayramov özü birbaşa olaraq hadisə yerinə getdi. Direktor və müəllimləri işdən azad etdi. Bundan başqa, Tovuz rayonunda bir şagird böyük məbləğdə pul tapıb sahibinə verdi. Bu nümunəvi hərəkətə görə təhsil naziri onu mükafatlandırdı. Ardınca da 189-190 nömrəli məktəbdə müəllimin şagirdə qarşı zorakılıq göstərdiyi xəbəri yayıldı. Ancaq məsələ burasındadır ki, 189-190 nömərli məktəbdə baş verən hadisədə nazirlik tələsik davrandı. Sosial şəbəkələrin və medianın təzyiqi ilə məsələ araşdırılmadan qərar çıxarıldı və müəllim işdən azad edildi. 
2014-cü ildə qəbul edilmiş müəllimlərin etik davranış qaydalarına dair sənəd var. Sözügedən məktəbdə baş verən hadisənin günahkarı müəllim idisə, məhz bu sənədə əsasən, cəzalanmalı idi. Amma cəza sosial şəbəkələrdə şagirdin zorakılıqdan aldığı xəsarətlərin fotolarının yayılmasına görə verilməməli idi. Məsələ araşdırılmalı idi. Sonradan televiziyada hadisə ilə bağlı müəyyən araşdırılmalar edildi və məlum oldu ki, əslində anası da həmin uşağa qarşı zorakılıq tətbiq edib. İndi bizə aydın deyil ki, uşağın aldığı bədən xəsarətlərini müəllim yetirib, yoxsa öz anası. Bu nüansdan yola çıxıb məsələnin tam mahiyyəti ortaya qoyulmalı idi”.
 
K.Əsədov gələcəkdə buna bənzər hadisələrin baş verəcəyi təqdirdə necə davranılmalı olduğunu da açıqladı:
“Müəllim müvəqqəti olaraq işindən kənarlaşdırılmalı, hadisə araşdırılmalıdır. Nəticəyə əsasən də qərar qəbul edilməlidir. Təbii ki, müəllimin fiziki zorakılıq tətbiq etməsinə haqq qazandırmaq olmaz. Ancaq məsələni araşdırmadan qərar qəbul etmək də düzgün deyil. Bizim milli mentalitetimiz, dəyərlərimiz var. Müəllim bunu hansısa maddi marağı olduğu üçün etməyib. Şagirdin nizam-intizam qaydasına görə edib. Hesab edirəm ki, müəllim işinə geri qaytarımalı, "Əmək məcəlləsi"nin şərtlərini pozanlar isə müvafiq qaydada qanun qarşısında cavab verməlidir. Hadisəyə operativ reaksiya vermək yaxşıdır, müsbət addımdır. Ancaq bu zaman kiminsə haqqını qorumaqdan ötrü başqasının haqqını tapdalamaq olmaz. Onsuz da, bizim müəllimlərimizin cəmiyyətdə nüfuzu çox aşağıdır. Onları hər addımda ayağa vermək düzgün deyil.
Əslində orta ümumtəhsil məktəbləri ictimai yerdir. İctimai yer də ümumi qaydalara açıq olmalıdır. Təəssüflər olsun ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə valideynlərin, mətbuatın məktəblərə girişi qadağan edilib. Valideynlər məktəbdə baş verən hadisələrdən dərhal xəbər tutmurlar. Problemdən çıxış yolu isə məktəblərin bütün istifadə edilən otaqlarında səsli kameraların quraşdırılmasıdır. Hansı valideyn istəsə, mobil tətbiqlər vasitəsilə dərs prosesini izləyə bilsin. Eynilə müəllimlər otağında, direktorun otağında və s. kameralar quraşdırılmalıdır. Məktəbin bütün nöqtələri nəzarətdə deyil deyə, valideynlər məsələni sosial şəbəkələrdən, öz uşaqlarından öyrəndiyi üçün məcburi şəkildə məktəbin işlərinə müdaxilə edir. Çünki məktəbi izləmək, nəzarət etmək imkanları yoxdur, məktəb ictimaiyyətin üzünə açıq deyil”. 
Təhsil eksperti Etibar Əliyev isə bildirib ki, belə neqativ halların baş verməsində məktəb və valideynlərin payına eyni dərəcədə məsuliyyət düşür:
“Son zamanlarda kiçik bir hadisəni şişirib məktəbin ümumi sisteminə aid edirlər. Azərbaycanda hazırda 1 milyondan çox şagird təhsil alır. Ona görə də məktəbdə yaxşı tərbiyə, keyfiyyətli təhsil mühitinin yaradılması təkcə məktəb rəhbərliyinin öhdəsindən gələ biləcəyi iş deyil. Burada valideynlərin də üzərinə məsuliyyət düşür. Son hadisələr göstərir ki, bir anda yaranan anlaşılmazlıq araşdırılmadan, dərhal nəticə çıxarılır, mətbuata yayılır. Belə vəziyyətdə məktəb aşağılanır, kollektiv gözdən düşür. Bir çox məktəblərdə “Məktəblinin dostu” layihəsi həyata keçirilir. Bu layihə vasitəsilə məkətbdə valideyn-şagird-müəllim əməkdaşlığı təmin olunur. Düşünürəm ki, bu təcrübə geniş yayılmalıdır. Eyni zamanda, valideyn komitələrinin fəaliyyəti genişləndirilməldir. Məktəb rəhbərliyi bu komitələrin fəaliyyətində maraqlı olmalıdır. Bir sözlə, məktəbi hamı qorumalıdır. Bu təkcə rəhbərliyin deyil, bütün ictimaiyyətin problemidir”.
 
Ekspert bildirib ki, belə təcavüz, zorakılıq hallarının qarşısını almaq üçün müəllimlər nəzarəti gücləndirməlidir:
“Müəllim hələ SSRİ dövründən təkcə tədris prosesinə başçılıq edən şəxs deyil, həm də tərbiyəçi funksiyasını yerinə yetirirdi. İndi müəllimin bu funksiyasını geri qaytarmağa çox ehtiyacımız var. Bir tərəfdən də, hiss edirik ki, müəllimlərin təhsil və tərbiyəyə münasibəti laqeydləşir. Bu problemi həll etmək üçün məktəblər kiçik bir hadisə baş verən zaman belə məsələni ictiamiləşdirməməli, müzakirə, araşdırma aparıldıqdan sonra yekun qərar verilməlidir. Azyaşlı uşaqlar qorunmalıdır. Dünya təcrübəsində artıq azyaşlı şagirdlərin böyük sinif şagirdlərindən ayrı təhsil alması təcrübəsi geniş yayılıb. Bizdə də məktəb şəbəkələri genişlənir, yeni binalar tikilir. Yəni belə tədris sisteminə keçidimiz üçün şərait yaradılır. Fikrimcə, kiçik və böyük siniflərin binalarının ayrı olması da hər iki tərəfin tədris və tərbiyəsi üçün optimal variantlar üzə çıxara bilər. Bir sözlə, yalnız və yalnız müəllim və valideynlərin birgə əməkdaşlığı nəticəsində belə neqativ halların qarşısını almaq olar”.
Etibar Əliyev bildirib ki, valideynlərin məktəbdə baş verən hadisələrə həddən artıq müdaxilə etməsi də neqativ halların yaranmasına yol açır:
“Orta məktəb müəllimləri valideynlərin böyük qismi ilə yaxın münasibət qurur. Bunun nəticəsində tərəflər bir-birinin işinə həddən artıq müdaxilə edir və sərhədlər pozulur”.
 
Təhsil eksperti Nadir İsrafilov isə məktəbdə valideyn-şagird-müəllim münasibətlərinə diqqət çəkdi:
 “1999-cu ildə təhsillə bağlı islahat proqramı qəbul edildi. Heydər Əliyev tərəfindən imzalanan həmin proqramda birmənalı şəkildə qeyd olunmuşdu ki, təhsil sahəsində uzun illərdən bəri qazanılmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsili forma və məzmunca dəyişdirmək lazımdır. Biz isə toplanmış o potensialdan birdən-birə imtina etdik. Sürətlə, böyük sıçrayışla Qərb təhsilinə inteqrasiya etdik. Heydər Əliyevin bir sözü var: Təhsil radikallığı sevmir, təhsil təkamül yolu ilə inkişaf etməlidir. Sözümü ona gətirirəm ki, bizim təhsil sahəsində toplanmış ən böyük təcrübələrdən biri məktəb-valideyn-müəllim-ictimaiyyət əməkdaşlığının təşkilidir. Bununla bağlı xeyli sayda tədqiqat işləri, dissertasiyalar yazılıb. Ancaq indi valideyn-müəllim-şagird məsələsinə köhnəlmiş sovet düşüncəsi kimi baxılır. Yüksək texnologiyaların inkişafı, virtuallıq buna şərait yaradır. Adicə məktəblinin qiymətinin öyrənilməsi, məktəblərə qəbul onlayn sistemlə həyata keçir. Ona görə də valideynlə müəllim arasında uçurum yaranır. Məsələn, biz uşaq olanda bizim üçün ən qorxulu xəbər valideynimizin məktəbə çağırılması idi. Qorxurduq ki, görəsən, bizim haqqımızda nə deyəcəklər? İndi o sistemi başqa bir sistem əvəzləyib. İndi məktəblərdə psixoloq korpusu var. Ancaq psixoloqların da fəaliyyəti kifayət etmir. Onların səlahiyyətləri də məhduddur, belə neqativ hallarda onlara etibar edilmir.
İkinci bir məsələ: bizdə “cəzasızlıq” sindromu yaranıb. Deyək ki, hər hansı bir məktəbdə xoşagəlməz hadisələr baş verir, ancaq araşdırılmadan yekun qərar verilir və məsələ bağlanır. Araşdırılmadan hüquqi qiymətin verilməsi isə yolverilməzdir. Bizim təhsilə dair dövlət strategiyasının əsas hədəflərindən biri müəllimin nüfuzunun qaldırılması məsələsidir. Ona görə də cəmiyyət imkan daxilində hər xırda məsələyə, hər böyük qalmaqala diqqətlə, həssas yanaşmalı, müəllimi, direktoru dərhal işdən azad etmək əvəzinə problemin optimal həllinə nail olmağa cəhd göstərməlidir".
Ekspert vurğuladı ki, məktəblərdə neqativ hadisələrə hər zaman rast gəlinir, lakin buna laqeyd yanaşılır:
4-5 il öncə Nizami rayonunda yerləşən məktəblərdən birində bənzər hadisə baş vermişdi. Valideynlərdən biri şikayət etmişdi ki, məktəb direktoru onun övladını su turbası ilə vurub. Nəticədə uşağın gözü zədə alıb. Dərhal sabiq təhsil nazirinin göstərişi ilə məsələyə müdaxilə edilmiş, direktor işdən çıxarılmışdı. Ancaq məhkəmə prosesi zamanı ekspertiza müəyyən etmişdi ki, zədə əslində, su turbasının yeri deyil. İddialar öz təsdiqini tapmamışdı. Yəni həm "Əmək məcəlləsi"nin tələbləri, həm hüquqi prinsiplər, həm də vətəndaşın hüququ pozulmuşdu”.