​Parlamentdə Qarabağ və müharibə müzakirələri

Baxış sayı:
10330

“Ermənilər müharibə istəmirsə, Azərbaycan torpaqlarını tərk etməlidirlər” çağırışına spiker “Münaqişəni sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?!” dedi...
Aprelin 23-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. Gündəliyin təsdiqindən sonra çıxış edən deputat Azay Quliyev BMT-də Azərbaycana qarşı təxribata əl atılmasından danışdı.
A.Quliyev bildirdi ki, BMT-nin üzvü olan hər bir ölkə bu quruma illik hesabat təqdim edir. “Təəssüflər olsun ki, bu dəfə Azərbaycana qarşı təxribata yol verilib. Belə ki, Ermənistan təqdim etdiyi hesabatda qondarma ”dqr"-in hesabatını da əlavə edib. Bununla da BMT-nin İnsan Haqları Şurası öz nizamnaməsindən kənara çıxıb. Bu hesabat 6 dildə yayılıb. Bizim qurumlar məsələyə münasibətini bildirməlidir. Ermənistan indiyədək dəfələrlə Azərbaycana qarşı təxribatlara yol verib. Ancaq Ermənistanın budəfəki təxribatına BMT şərait yaradıb. Özü də “artsax”  adı ilə təqdim olunub". A.Quliyev məsələyə ciddi reaksiya verilməsini zəruri saydı: “Bizim BMT-dəki səlahiyyətli nümayəndəmiz məsələyə müdaxilə etməli və həmin qondarma, qanunsuz hesabat BMT-nin saytından çıxarılmalıdır”.
Deputat Fazil Mustafa ölkədə elektrik enerjisi və qaz sərfiyyatı ilə bağlı tətbiq olunan limitlə bağlı məsələ qaldırdı. “Burada limitin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verərdi. Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Bu xalqımızın sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir” - F.Mustafa bildirdi.
Deputat Tahir Kərimli də limitin artırılması barədə həmkarının təklifini müdafiə etdi. Eyni zamanda şair Musa Yaqubu ziyarət etdiyini deyən T.Kərimli əlavə etdi ki, Heydər Əliyev Fondu şairin müalicəsi ilə bağlı ciddi işlər görür. “Mayın 10-da Musa müəllimin ad günüdür və bu münasibətlə ona xalq şairi adı verilsə, bu qərar şairin özündən çox, onu sevənlərin ürəyincə olar”.
Bundan sonra T.Kərimli Azərbaycanla Ermənistan arasında gedən danışıqlardan bəhs edərkən narahatlığını ifadə etdi. O, son görüşlərdə xalqlar arasında sülhün yaradılması, jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı razılaşmaya toxundu: “Mən bu məsələni başa düşə bilmirəm. Bəzən arqument gətirirlər ki, faşist Almaniyası ilə SSRİ bir-biri ilə barışdı. Məsələ ondadır ki, faşizmi aparıb öz yuvasına kimi qovladılar. Ona təslim aktı imzalatdırdılar, ondan sonra sülh danışıqları oldu. Bu qədər insanlarımız şəhid olub, yaralıdır, qırılıb-batıb. Belə olan təqdirdə hansı sülh danışıqlarına getmək olar?! Azay müəllim də dedi, artıq bütün beynəlxalq təşkilatlarda erməni tərəfi hücuma keçib. Ona görə də xalqları sülhə hazırlamaq nə deməkdir, təslimçiliyə hazırlamaq deməkdirmi, mən başa düşə bilmirəm. Biz öz rəhbərimizə, öz hökumətimizə inanmışıq. Biz inanmışıq ki, Azərbaycan heç vaxt öz torpaqlarını güzəştə getməyəcək, suverenliyimizdən heç vaxt kənara çıxılmayacaq, ərazi bütövlüyümüz bərpa olunacaq. Ermənistan rəhbərliyi deyir ki, bacarırsınız, gəlin, torpaqlarınızı alın, bir qarış da torpaq verməyəcəyik, siz qorxaqsınız. Onlar bizi təhqir edirlər. Əgər onların içərisində bir faiz sülhə meylli deyilsə, hansı sülhdən danışmaq olar?” T.Kərimli dedi ki, bu konsepsiyanı dəyişmək lazımdır: “Birmənalı şəkildə ərazi bütövlüyu sözünü işlətmək lazım deyil. Elə birbaşa demək lazımdır ki, Azərbaycan unitar dövlətdir, Dağlıq Qarabağ da onun tərkib hissəsidir”.
Deputat Qənirə Paşayeva da əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış etdi. Millət vəkili bildirdi ki, özəlliklə kəndlərdə, bölgələrdə sakinlərlə görüşlərdə maddi imkanları aşağı olan insanlar etdikləri müraciətlərində təbii qaz limitinin artırılması xahişini edirlər. Q.Paşayeva əhalinin aztəminatlı, maddi imkanları aşağı olan hissəsinin təkliflərini nəzərə alaraq əhaliyə verilən təbii qaz limitinin artırılması məsələsinə yaxın zamanlarda baxılmasının çox vacib olduğunu dedi və müvafiq qurumları bu məsələni diqqətdə saxlamağa çağırdı.
Q.Paşayeva əlavə etdi ki, Ermənistanın BMT-də törətdiyi bu təxribata BMT-nin imkan verməsi ciddi narahatlıq yaradır. Qeyd etdi ki, bu, BMT-nin özünün qəbul etdiyi qətnamələrə zidd addımdır.
Deputat daha sonra türk dünyasının böyük aydınlarından olan Əhməd bəy Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi təklifi ilə çıxış etdi. Q.Paşayeva Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayan prezidentə təşəkkür etdi. Bildirdi ki, Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri, erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara, cinayətlərə qarşı mübarizədə “Difai” təşkilatının qurulmasında böyük rol oynayan ictimai xadimdir: “Ziyalılarımız adından müvafiq qurumlara müraciət edərək xahiş etmək istərdim ki, Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq Qarabağ bölgələrinin birində Əhməd bəy Ağaoğlunun heykəlinin, abidəsinin ucaldılması çox yaxşı olardı. Eyni zamanda onun haqqında filmin çəkilməsi də çox vacib məsələdir. Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən ”Difai fədailəri" adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsi çox yaxşı olardı".
Deputat Fərəc Quliyev isə dedi ki, ermənilərlə bu cür yumşaq şəkildə davranmaq olmaz: “Ermənilər müharibə istəmirsə, Azərbaycan torpaqlarını tərk etməlidirlər. Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan ərazilərini tərk etməlidir”.
Spiker Oqtay Əsədov isə dedi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bütün tədbirləri görür: “Amma biz dünyada tək deyilik”. Sədr qeyd etdi ki, biz Dağlıq Qarabağda yaşayanların Azərbaycan vətəndaşı olduğunu bildiririk: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi işlər görürük. Münaqişə ilə bağlı müzakirədə müharibəyə çağırsaq, nə əldə edə biləcəyik? Münaqişəni sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?! Biz Dağlıq Qarabağda yaşayanlara deyirik ki, Azərbaycan vətəndaşlarıdır, biz dünyaya bu çağırışı edirik. Azərbaycanın şərtlərinin yerinə yetirilməsi sülh yolu ilə mümkün ola bilərsə, nə üçün buna qarşı çıxmalıyıq?! Ermənistanın bir ağılsız naziri çıxış edir ki, Azərbaycandan torpaq almalıyıq. Onlar başa düşürlər ki, bununla nəyəsə nail ola bilməyəcəklər, boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər”.
Komitə sədri Siyavuş Novruzov isə dedi ki, Azərbaycan prezidenti bütün görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmadığını bəyan edib və bu mövqe bütün sənədlərdə əksini tapıb.
Vitse-spiker Valeh Ələsgərov da emosional çıxışlara ehtiyac olmadığını vurğuladı: “Heç kim bu ölkədə ərazi bütövlüyümüzü bərpa etmədən sülh danışıqlarına gedən deyil və getməyəcək. Amma real siyasət var. Hər zaman demişik ki, sülh danışıqları ola bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilsin. Problemin həllində öz maraqları olan qüvvələr var. Real siyasətdən xəbərdar olan adam hər bir sözünə dəyər verməli, diqqət etməlidir”. Vitse-spiker əlavə etdi ki, Dağlıq Qarabağ probleminin həllində maraqlı olmayan qüvvələr var: “Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir”.
İclasda Avropa İttifaqı ilə Azərbaycan arasında gözlənilən sazişdən də bəhs olundu.
Spiker bildirdi ki, Avropa İttifaqı ilə imzalanması nəzərdə tutulan saziş bizim üçün çox vacib sazişdir: “Bu sazişlə bağlı uzun müddət idi işlər gedirdi. Əsas məqsədlərdən biri bu idi ki, o sazişdə digər dövlətlər kimi, Azərbaycanın da ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı  öz əksini tapsın. Biz artıq buna nail olmuşuq”.
O.Əsədov bildirdi  ki, həllini tapmayan xırda məsələlər qalıb, onların da üzərində iş gedir: “Bu sazişin imzalanmamasına bir nömrəli maneçilik törədən ermənilərdir”. O.Əsədov əlavə etdi ki, Ermənistanın müdafiə nazirinin çıxışı, hədə-qorxu gəlmələri bu sazişin imzalanmasının qarşısını almağa hesablanmış təxribatçı hərəkətlərdir.
İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin seçilməsi məsələsi müzakirə olundu. Müzakirələr zamanı İTV-nin Yayım Şurasına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlının, Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarovun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, Azərbaycan Bəstəkarlar İttifaqın katibi Zemfira Qafarova və İttifaqın baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürüldü. Qeyd olundu ki, idman federasiyaları, dini konfessiyalar və yaradıcı təşkilatlar tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, Milli Məclis tərəfindən  6 il müddətinə təsdiq edilməlidir.
Deputatlar Rəfael Hüseynov, Siyavuş Novruzov, Hikmət Məmmədov, İlham Əliyev və digərləri çıxış edərək fikir və təkliflərini bildirdilər.
Deputat Aqil Abbas İTV-nin keçmiş rəhbərliyinin xidmətlərindən bəhs etdi:  “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası yarananda şirkətə İsmayıl Ömərov rəhbərlik edib. O, burada çox yaxşı ənənə qoyub, sıfırdan televiziya yaratdı. İndiki rəhbərlik də bir qədər gücləndirib, öz baxışını tətbiq edib. Bizdə ənənə var, kimsə 15 il işləyir, həmin vəzifəyə başqası təyin olunan kimi deyirlər, köhnə problemlər həll ediləcək. Direktor Balaş Qasımov da yeni seçilib, işini yaxşı görür, amma əvvəlkiləri də unutmaq olmaz”. A.Abbas qeyd etdi ki, İTV birdən-birə inqilab etməyib: “Bunun əsasını qoyan insanın da haqqını yeməmək lazımdır. Biz özəl telekanallara bir söz deyə bilmərik, çünki büdcədən maliyyələşmir. Özəl kanallar reytinq arxasınca qaçmağa məcburdurlar ki, reklam ala bilsinlər. Reklam bazarı da sıfır vəziyyətdədir. Yalnız şadlıq evləri və dərman preparatları reklam olunur. Dünyada artıq dərmanın reklamı qadağan olunur. Özəl kanalları qınayanlardan biri də mənəm, amma onların üstünə çox getməyə ehtiyac görmürəm. İTV isə əvvəldən xalqın televiziyası olub, belə də davam edir”.
Səsvermə nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçildilər.
Komitə sədri İsa Həbibbəyli dedi ki, bir müddət öncə məktəblərin birində baş vermiş hadisə məktəbəqədər təhsil müəssisələrində də psixoloji xidmətə zərurət yaradıb. Bildirdi ki, bu mənada məktəbəqədər təhsil müəssisələrində də psixoloji xidmətin təşkili təlim-tərbiyə məsələlərində öz töhfəsini verə bilər. Qanunvericiliyə təklif olunan düzəliş qəbul olundu.
Azərbaycanda “Standartlaşdırma haqqında” qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarıldı və ikinci oxunuşda qəbul olundu./musavat.com